Cəsur partizan, almanların başına pul qoyduğu

Dünya

Cəsur partizan, almanların başına pul qoyduğu,
Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun (1920-1994) anım günüdür. 1942-ci ilin aprelində ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu. 1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi “Düma”) rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər. 1986-cı ildə Əhmədiyyə Cəbrayılov Fransanın 5 mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Front National milli hərakat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir.

MM.AZ