Son vaxtlar Azərbaycanda tez-tez kitab sərgisi keçrilir. Bu çox gözəldir.
Təəssüflər olsun ki, rayonlarda, əyalətlərdə buna təsadüf olunmur, ya da az təsadüf olunur ki, səsi bizlərə gəlib çatmır.
Ancaq hal hazırda kitaba olan diqqət, meyxanaya olan diqqəti üstələyib, bunu da tam əminliklə deyə bilərik. Görünən o ki, təbliğat öz sözünü deyir.
Bəlkə də meyxananın bu “geriliyi” Rəşad Dağlının həbsdə olmasıyla bağlıdır.
Zatən bizdə hər hansı bir sahənin inkişafı, ümumi sistemə yox, ayri-ayri fərdlərə bağlıdır.
Eynən Ağdamın Qarabağ futbol klubunun uğurları birbaşa Qurban Qurbanova aid olduğu kimi.
Bu konteksdən yola çıxaraq əminliklə deyə bilərik ki, kitab satışı sahəsinin də favoriti Kəramət Böyükçöldür.
İki gün öncə oğlum da kitab sərgisinə getmişdi.
Təşkilatçılar sağ olsun. Koroğlu metrosundan kitab sərğisinə pulsuz avtobuslar təşkil edibmişlər.
Oğlum müşahidələrini mənimlə paylaşdı. Deyir ata, sərgiyə getmək üçün avtobus dayanan kimi avtobusa minmək üçün basa-bas düşdü. İnsanlar itələşə-itələşə avtobusa doluşdular. Elə bir mənzərə yaranmışdı, sanki yer çatmayacaq, insanlar səhranın düzündə qalacaqlarmış kimi…
Çox xoşa gəlməyən, səliqəsiz rəftar nümayiş olunurdu.
Bunları eşidəndə düşündüm ki, cəmiyyətimizin kitab oxuyan təbəqəsi ortaya belə davranış qoyursa, gör hələ “ryadavoylar” nə gündədir…
İndicə dostum, qardaşım, möhtərəm və möhtəşəm Aydın Canın kitab oxumağın “fəsadlarından” bəhs edən yazısını oxuyandan sonra, mən də bu məsələyə xırda bir toxunuş etmək istədim.
Qənaətim o ki, nə ali təhsil, nə də kitab oxumaq hamı üçün deyil.
MUASİRMEDİA.AZ
SABİR ZƏKULLA OĞLU