MEHMANXANA XİDMƏTÇİSİ

ƏDƏBİYYAT
14 oktyabrda, doğum günündə Xalq şairi Məmməd Arazı 40 ildir əzbərimdə olan şeiriylə xatırladım.
MEHMANXANA XİDMƏTÇİSİ
Orta yaşlı, çox şirindil bir qadındı,
Elə belə soruşdum ki, “adın nədir?”
Çox sevincək:
– Asuriyadır – dedi – adım,
Ad soruşan qonaqlardan xoşum gəlir…
– Ad soruşan qonaqlardan…
Elə niyə?
– Keçmişimi oyadıram bu sualla.
Baş əyirəm “qədim dövlət” bir mücrüyə,
Keçmişimə qayıdıram bu sualla.
Asuriya! Özü yoxdur, adı mənəm,
İndi sönmüş bir ocağı üfürürəm…
Qəhərini boğa-boğa gedir qadın,
Bəzəkli bir mücrü ilə dönür geri,
Elə bil ki, ilk övladı, son övladı
Bu mücrüdür, qucağından qoymur yerə.
– Aysorların tarixidir bu sandıqça,
Gərək sənə üç min ildən söhbət açam…
Faytonlara şir qoşublar, bir yaxşı bax,
Bu pullara həkk olunub o zamanlar;
Çoxlarına gülünc gəlir bu yanşımaq,
İndi məni mən olmayan çətin anlar.
Assur adlı şəhər olub paytaxtımız,
Qızıl kərpic döşənərmiş küçələrə,
Sonra Kalxu şəhərində son taxtımız
Xatmurani səltənəti çöküb yerə.
Bir əbədi yırtıcılar, bir də – dedi –
Mütilərdir tarix boyu yurdsuz qalan.
Hərdən belə ürəyimi bu qəm didir:
Gərək axı uçmayaydı mənim qalam.
– Gərək axı… gərəklərə qalsa gərək
“Avesta” da yanmayaydı,
Babəkin qılıncı oğurlanmayaydı.
Onda gərək günəş özü
Yetişəydi Nəsiminin imdadına,
İldırımlar qoşulaydı inadına…
“Gərəklərin” tarixini yazmır tarix;
Onda kağız, qələm olur, ürək olmur.
Tarix, qanla yazanda da kövrək olmur.
Min il ağla, ağlayana torpaq vermir.
Versə, versə ümid verir,
bayraq vermir.
Axı taxta çıxanların
öz məntiqi,
Onu vurub yıxanların öz məntiqi,
Bu tarixi yazanların öz məntiqi,
Onu cırıb-pozanların öz məntiqi…
Bəzən olub:
İgidləri doğanlar da alqışlanıb,
Körpələri boğanlar da alqışlanıb…
Yer üzündə Asuriya olub bir vaxt,
Bacım, indi keçən keçib, olan olub.
Öz yerinə sancılanda neçə bayraq
Gözgörəti talan olub,
Yalan olub…
Baş əyirəm, müqəddəsdir qızıl mücrün,
Asuriya dönən deyil ağlamaqla.
Tale sənə bir süpürgə verib bu gün;

Bax beləcə, otaqları təmiz saxla..

MUASİRMEDİA.AZ
RƏŞAD MƏCİD