Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi və Hüquq və İnsan Haqları İnstitutu tərəfindən cari ilin 19 sentyabr–13 oktyabr tarixlərində “Bələdiyyələrin fəaliyyətində insan hüquqları aspekti” mövzusunda silsilə maarifləndirici təlimlər həyata keçirilib.
Təlimlər Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərində və Xaçmaz rayonunda baş tutub. Təlim proqramı çərçivəsində bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi baza, hesabatlılıq və şəffaflıq mexanizmləri, ictimai iştirakçılığın təşviqi və vətəndaşlarla əlaqələrin hüquqi əsasları barədə iştirakçılara ətraflı məlumat verilib.
Təlimlərdə ölkənin müxtəlif bölgələrinin bələdiyyələrindən ümumilikdə 177 nümayəndə – 147 sədr və 30 sədr müavini iştirak edib, o cümlədən Bakı şəhəri üzrə 44 bələdiyyə təmsil olunub.
İnteraktiv formatda keçirilən təlimlərdə iştirakçılar qarşılaşdıqları praktiki problemləri bölüşərək, fikir mübadiləsi aparıblar. Xüsusilə, torpaq sahələrinin qiymətləndirilməsi, torpağa çıxarışların alınmasında yaşanan problemlər və digər aktual məsələlərin hüquqi həlli yolları müzakirə edilib, praktik yanaşmalar, hüquqi mexanizmlər və onların tətbiq imkanları ətraflı şəkildə izah edilib.
Təlim proqramının sonunda bütün iştirakçılar sertifikatlarla təltif olunublar.
MM.AZ