Ayda ölüm: basdırılmamış cəsəd

Dünya
Kosmosda ölüm insanlığın gələcək kəşf dövründə qaçılmaz suallardan biridir.
Bəs əgər bir gün Ayda insan ölümü baş versə və cəsəd basdırılmasa, nə baş verərdi?
Ayın səthində atmosfer yoxdur. Hava təzyiqi sıfıra yaxındır, oksigen və su buxarı yoxdur. Bu o deməkdir ki, Yer üzündə cəsədləri parçalayan bakteriyalar, göbələklər və mikroorqanizmlər Ayda fəaliyyət göstərə bilməz.
Temperatur fərqi isə inanılmazdır: Günəş işığında +120°C, kölgədə və gecə isə −170°C.
Ayda bir gün və bir gecə birlikdə təxminən 29,5 Yer gününə bərabərdir. Yəni cəsəd 14 gün ərzində Günəş altında bişər, növbəti 14 gün ərzində isə donaraq bərkiyər.
Əgər astronavtın skafandrası zədələnsə və o birbaşa vakuuma məruz qalsa bədən təzyiqinin ani düşməsi ilə qan və mayelər qaynamağa başlayar, bu hal “ebullism” adlanır.
Dəri şişər, mayelər buxarlanaraq çıxar və bədən donmuş, gərilmiş vəziyyətdə qalır. Bir neçə saniyə ərzində daxili qazlar bədəni şişirdər, lakin partlayış baş verməz.
Nəticə etibarilə insan bədəni sürətlə quruyar və bərk donaraq mumiyalaşar.
Ayda qoruyucu atmosfer olmadığından Günəşin ultrabənövşəyi şüaları və kosmik radiasiya birbaşa səthə düşür. Güclü UV şüaları dərinin kimyəvi bağlarını qırar, toxumalar qaralar və yanıq izinə bənzər səth əmələ gələr.
Yüksək enerjili protonlar və helium nüvələri dərin toxumalarda DNT-ni və zülalları parçalayar.
Uzunmüddətli təsir nəticəsində cəsədin səthi boz-qəhvəyi – kömürlənmiş rəng alar.
Bu proses yüzlərlə il çəkə bilər, lakin nəticədə bədən tədricən kimyəvi cəhətdən dəyişikliyə uğrayar.
Ay səthinə hər saniyə mikrometeorlar — qum dənəsi ölçülü toz hissəcikləri düşür. Onların sürəti bəzən saniyədə 70 kilometrə çatır.
Bu hissəciklər uzun zaman ərzində cəsədin səthini aşındırar, yandırar, paltar və skafandranı deşər, sonda isə bədəni toz halına gətirər. Bundan sonra külək olmadığı üçün həmin toz yerində qalar və Ay torpağı (regolit) ilə qarışar.

Nəticə olaraq əbədi sükut içində donmuş bədən nə çürüyər, nə də torpağa qarışar. O, mumiya və ya donmuş heykəl kimi uzun müddət, bəlkə də milyon illərlə qalacaq.

MUASİRMEDİA.AZ