2025-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət
Məzahir Pənahovun sədrliyi ilə 2025-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
Əvvəlcə Komissiyanın 20 iyun 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.
Sonra VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Sahib oğlu Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Bildirilib ki, Milli Məclisin deputatı Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının qərarı ilə təşkilatın Baş katibi vəzifəsinə seçilib. Bununla əlaqədar onun MSK-ya ünvanladığı müraciəti və Türk Dövlətləri Parlament Assambleyasının müvafiq təsdiqedici sənədləri qanunvericiliyə uyğun qaydada araşdırılıb, deputat səlahiyyətlərinə xitam verilməsi üçün əsasların olduğu müəyyənləşib. Komissiya qeyd olunanları nəzərə alaraq, ölkə Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə əsasən R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsinə baxılıb. MSK üzvlərinin müzakirəsinin ardınca 44 saylı Sumqayıt üçüncü, 60 saylı Quba – Qusar, 62 saylı Kürdəmir, 65 saylı Salyan – Biləsuvar – Neftçala, 76 saylı Lənkəran – Masallı, 100 saylı Göygöl – Daşkəsən – Kəlbəcər, 102 saylı Şəmkir şəhər, 108 saylı Ağstafa və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik olunması qərara alınıb.
Media mənsublarının iştirakı ilə keçirilən iclasda, həmçinin cari məsələlərə də baxılıb.

  MUASİRMEDİA.AZ

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi