Ramiz Mehdiyev də hesab edirdi ki, seçkini ciddiyə almadan, teatra çevirib siyasi məsələləri yoluna qoymaq olar. Amma olmur. Problemlər yığılıb özünə yer eləyir və seçki qanununa önəm verməyənləri bir gün heç gözləmədikləri tərəfdən bərk vurur.
Daim demişəm ki, nə meydanlar, nə də saxtakarlıq könüllü gediləsi yol deyil. Gəlin bütün məsələləri dürüst seçki yolu ilə həll edək.
Bu yolun üstünlüyünü görmək müvəqqəti güc sahiblərindən xüsusi müdriklik tələb edir. Amma heç də hər kəs o müdrikliyi qılıncının hər iki tərəfi kəsəndə göstərə bilmir.
İndi keçək praktiki tərəfə. Bugün 94 saylı Ucar seçki dairəsi üzrə 1 deputat yeri boşaldı. Təxminən yanvarın ortalarında orda səsvermə keçirilməli və qutudan yeni millət vəkili çıxmalıdır.
Əvvəlki çağırış Milli Məclisdə xeyli sayda boş qalmış dairələr üzrə seçki təyin edilməmişdi. Pandemiya, müharibə, sülhməramlıların çıxarılması və s. – bunların heç biri seçkinin keçirilməməsinə hüquqi əsas olmasa da, siyasi əsas kimi cəmiyyət bunları o dəfə qəbul etmişdi.
Lakin, qanunverici orqanda təmsilçilik vətəndaşların təməl konstitusion haqlarından biridir. Bu haqdan onların ardıcıl şəkildə məhrum edilməsi bir gün ölkəmizə qarşı böyük zərərlə işləyə bilər. Odur ki, hərfinə və ruhuna uyğun qaydada Konstitusiyanın və Seçki Məcəlləsinin icrası ən düzgün yoldur.
İndi görək Konstitusiyada və Seçki Məcələlləsində bu yol necə təsvir olunub.
İlk öncə, Konstitusiyanın 89`cu maddəsinin 4 və 5`ci bəndlərində nəzərdə tutulmuş hal baş verib. Yəni, deputat Ramil Həsən dövlət orqanında vəzifəyə təyin olunub (4) və bunu əsas tutaraq özü MSK`ya müraciət edib ki, məni deputatlıqdan çıxarın (5).
MSK onun bu xahişini yerinə yetirərək deputat səlahiyyətlərinə xitam verilməsi barədə bugün qərar qəbul edib. Seçki Məcəlləsinin 176.3`cü maddəsinə əsasən, Ramil Həsən məhz bugündən etibarən deputat mandatını itirmiş sayılır.
Məcəllənin 176.4`cü maddəsinə görə isə, deputat mandatının boş qalmasından sonra 1 ay müddətində onun dairəsində əlavə seçki təyin edilir.
Bəs bu seçki necə təyin edilir? O da Məcəllənin 176.4`cü maddəsində aydın göstərilib – Məcəllənin 145`ci maddəsinə uyğun qaydada. Maddə 145: seçkini prezident təyin edir.
MM.AZ