Vətən Müharibəsi Qəhrəmanımız Azər Yusiflinin (1994-2020) anım günüdür.
Cəbrayıl rayonunun Araz boyu olan yaşayış məntəqələri – Mahmudlu, Soltanlı, Əmirvarlı, Göyərçin Veysəlli, Keyxalı, Maşanlı və Hasanlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayın 18-də isə Dövlət Sərhəd Xidmətinin apardığı hərbi əməliyyat zamanı Xudafərin Körpüləri işğaldan azad olunub. Cəbrayıl rayonunun geniş hissəsinin işğaldan azad olunmasından sonra Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Uğurlu əməliyyatlar nəticəsində qısa müddət ərzində Zəngilan rayonunun 16-dan çox yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Oktyabrın 19-dan 20-nə ötən gecə isə Zəngilan şəhəri uğrunda döyüşlər başlamışdır. Gecə saatlarında şəhər işğaldan azad olunmuşdur. Saat 04:00 radələrinə baş gizir Azər Yusifli tərəfindən Zəngilan şəhərinə 27 ildən sonra Azərbaycan bayrağı sancılıb. Oktyabrın 21-də Zəngilan şəhəri istiqamətində şəhid olmuşdur.
MM.AZ