Noyabrın 3-6-da Bakıda keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransı (CER) ciddi təhlükəsizlik problemlərinə görə ləğv edilib.
“İsraelnationalnews” yazır ki, sosial şəbəkələrdə Türkiyə və İranda yaşayan azərbaycanlılar tərəfindən Bakıda keçiriləcək tədbirə qarşı əks mövqeli yazılar yayılmağa başlayıb.
Tədbirin planlaşdırılmasında iştirak edən mənbələr qeyd ediblər ki, alınan konkret xəbərdarlıq təşkilatçıları yerli hakimiyyət orqanları ilə məsləhətləşməyə sövq edib. Məsləhətləşmələrdən sonra konfransın başqa yer və tarixə keçirilməsinə qərar verilib.
Konfransda İsrailin baş ravvinləri — ravvin David Yosef və ravvin Kalman Ber, həmçinin nazirlər Amihay Çikli və Amihay Eliyahu iştirak etməli idi.
CER adından verilən bəyanatda deyilir:
«Avropa Ravvinlər Konfransı dərin kədər hissi ilə bildirir ki, 33-cü Avropa Ravvinlər Konfransını və gələn həftə Bakıda keçiriləcək konfransın 70 illik yubiley tədbirini bizim nəzarətimizdə olmayan səbəblərə görə təxirə salmaq məcburiyyətindəyik. Konfrans nümayəndələri yaxın günlərdə dəvət olunmuş şəxslər və tərəfdaşlarla alternativ konfrans planları barədə əlaqə saxlayacaqlar».
Bəyanatda həmçinin qeyd olunur ki, Avropa Ravvinlər Konfransı yəhudi icmalarına göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edir və gələcək əməkdaşlığın davamını gözləyir.
Azərbaycan Xarici İşlər Nazirliyi, hələlik, bu xəbəri şərh etməyib.

MM.AZ
