Qubada “Birlik, Zəfər və Barışın Gücü” adlı regional tədbir keçirilib-FOTO

ölkə
Quba şəhərində “Birlik, Zəfər və Barışın Gücü: Qubadan Mediasiya Çağırışı” adlı regional tədbir keçirilib. Tədbir Mediasiya Şurasının dəstəyi ilə Quba Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı və Quba 1 saylı MT-nın birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbir 8 Noyabr – Zəfər Gününə, “2025 – Suverenlik və Konstitusiya ili”nə, ölkəmizdə mediasiya institutunun inkişafına və Quba 1 saylı mediasiya təşkilatının 1 illik fəaliyyətinə həsr olunub.
Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti, Mediasiya Şurası, YAP Quba Rayon Təşkilatı, eləcə də Quba Regional Turizm İdarəsi, Regional Gənclər və İdman İdarəsi, QİAD Platforması və digər ictimai qurumların nümayəndələri iştirak ediblər.
Çıxış edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Mediasiya Şurasının İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev, Quba 1 saylı mediasiya təşkilatının direktoru Hümmət Əliyev, həmçinin ictimai təşkilatların, təhsil və gənclər strukturlarının nümayəndələri yer alıblar.
Nitqlərdə Zəfər Gününün milli birlik və həmrəylik simvolu kimi əhəmiyyəti, mediasiyanın barış və qarşılıqlı anlayışın təşviqində rolu, həmçinin regionlarda mediasiya mədəniyyətinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Tədbirdə təşkilatçılara, dəstək göstərən qurumlara və mediasiya fəaliyyətinə töhfə vermiş şəxslərə hədiyyələr və təşəkkür plaketləri təqdim olunub.
Tədbirdən sonra Mediasiya Şurasının və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən mediasiya təşkilatlarının nümayəndələri Qubada keçirilən “I Quba Kitab Sərgisi”ndə iştirak ediblər.
Mediasiya nümayəndələri sərgidə yerli müəlliflərin əsərləri, yeni nəşrlər və təhsil yönümlü layihələrlə tanış olub, iştirakçılarla maarifçilik, gənclərin barış və dialoq mədəniyyətinə cəlb olunması mövzularında fikir mübadiləsi aparıblar.
MUASİRMEDİA.AZ
ESMİRA RZAYEVA