97 il əvvəl, bu gün Solovki həbs düşərgəsində olan MÜSAVATÇILAR aclıq aksiyasına başladılar.
Müsavatçıların əksəriyyətinin qoşulduğu üçüncü böyük aclıq aksiyası 1928-ci il noyabrın 1-dən dekabrın 15-dək davam edib.
Məlumat üçün bildirək ki, Solovki adalarında ilk siyasi aclıq aksiyasını müsavatçılar keçirib və 17 nəfərin keçirdiyi ilk siyasi aclıq aksiyası 1928-ci il aprelin 13-də başlayıb və 13 gün davam edib. Bundan bir-iki ay sonra – iyun-iyul aylarında Solovkidə müsavatçıların başlatdığı ikinci aclıq aksiyası başlayıb. Bu dəfə həbs düşərgəsində olan bütün müsəlmanlar bu aclıqda iştirak edib. Aksiya zamanı rus ədəbiyyatının görkəmli nümayəndəsi Maksim Qorki məhbusların vəziyyəti ilə tanış olmaq üçün Solovkiyə gəlir. Müsavatçılardan bir nəfər Qorkiyə məhbusların məhrumiyyət dolu əzab-əziyyətli həyatı barədə məktub verir. Düşərgə rəhbərliyi daha sonra məktub verən müsavatçını ciddi cəzalandırır.
Daha sonra müsavatçılar 56 gün davam edən dördüncü aclıq aksiyasına başlayırlar. Bu aksiyada 6 müsavatçı iştirak edir. Solovkidə müsavatçılarla birlikdə həbs həyatı yaşamış məşhur rus yazıçısı Oleq Volkovun “Zülmətə dalarkən” əsərində yazdığına görə: Onların hamısı rəhmətə getmiş, başçıları isə aclığın 53-cü günündə keçinmişdi…
Sonralar Volkov yazırdı:
“O zaman Butırkada onlar, Solovkiyə göndərilən müsavatçılar, 300 nəfər idilər. Türk, sonrakı deyimlə, Azərbaycan ziyalılarının qaymaqları… Mənə naməlum və özünəməxsus bir dünya açıldı. Öz müstəqilliyini, ənənəvi görüşlərini və atalarının adətlərini fədakarlıqla müdafiə edən kiçik xalqın dünyası.
Sonralar, Solovkidə müsavatçılarla böyür-böyürə yaşayan zaman onlarda ağsaqqaların necə oğul hörməti ilə əhatə olunduqlarını, heç kəsin qardaşlıq süfrəsi arxasında diqqətdən kənar qalmamalarına böyüklərin nəzarət etdiklərini, ibadət üçün məqam axtaranlara necə həssas yanaşdıqlarını müşahidə edirdim. Onlara nəzərən mən rus cəmiyyətinin son 10 ildə nə qədər vəhşiləşdiyi barədə mühakimə yürüdə bilirdim…
Uzun ömrümə nəzər salıram – mən bu sətirləri 1986-cı ildə yazıram – və güclü, fəthçi bir xalqa mənsub olduğuma görə utandığım anları xatırlayıram. Pan Felikslə ünsiyyət zamanı, illər sonra macar tələbə ilə görüşərkən belə dəqiqələr olmuşdu. Lakin müsavatçıların faciəvi epopeyası gözlərim önündə baş verərkən bu hiss daha qabarıq idi.”

MUASİRMEDİA.AZ
