2 Noyabr Ulu Öndər Heydər Əliyevin müraciəti Dövlətin xilası üçün verilmiş taleyüklü çağırış

Tarix
32 il öncə – 1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyevin xalqa etdiyi tarixi müraciət Azərbaycanın dövlətçilik salnaməsinə dönüş nöqtəsi kimi daxil oldu. Bu müraciət təkcə bir siyasi bəyanat deyil, milli ruhun dirçəlişi, xalqın dövlət ətrafında səfərbərliyi və müstəqil Azərbaycanın ordu quruculuğuna verilən strateji istiqamət idi. Həmin gün Heydər Əliyev bütün xalqı Vətən müdafiəsinə qalxmağa çağırdı, “Azərbaycanın gələcək taleyi xalqın öz əlindədir” kəlamı ilə tariximizin yeni mərhələsinə yol açdı.
1993-cü ilin payızında Azərbaycan son dərəcə ağır sınaqlarla üz-üzə idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük hissəsi işğal olunmuş, on minlərlə soydaşımız qaçqın və məcburi köçkünə çevrilmiş, ölkə daxilində siyasi böhran dərinləşmişdi. Dövlət idarəçiliyində pərakəndəlik, orduda nizamsızlıq hökm sürürdü. Həmin tarixi məqamda Heydər Əliyevin xalqın qarşısına çıxması və real vəziyyəti açıq şəkildə ifadə etməsi milli oyanışın başlanğıc nöqtəsinə çevrildi.
Ulu Öndər bu çıxışında qeyd etmişdi ki, müstəqil dövlət kimi Azərbaycanın əsas dayağı güclü ordudur. “İki il müddətində müstəqil dövlətimiz öz müdafiə qüvvələrini, öz ordusunu yaratmalı idi… Lakin bu fürsətlər əldən verilib və Azərbaycanın müdafiə imkanları zəifləmişdir,” – deyə Heydər Əliyev bildirərək həm vəziyyətin reallığını, həm də çıxış yolunu göstərmişdi.
O, xalqı birliyə, həmrəyliyə və orduya könüllü dəstəyə çağırdı. “Kim özü qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim gedə bilmirsə, qoy ordumuza kömək etsin” – deyən Ulu Öndər, hər bir vətəndaşın Vətən qarşısında borcunu dərk etməsini milli vəzifə kimi səsləndirdi.
Heydər Əliyevin bu çıxışı yalnız mənəvi çağırış deyil, həm də praktiki ordu quruculuğunun ideoloji əsasını formalaşdırdı. 1993-cü ildən etibarən ölkədə ordu sisteminin yenidən təşkili, vahid komandanlıq prinsipinin bərpası, peşəkar zabit korpusunun formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirildi. Nəticədə Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə nizami, intizamlı, müasir döyüş qabiliyyətli orduya çevrildi.
Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən strateji qərarlar – hərbi təhsil sisteminin təkmilləşdirilməsi, müdafiə sənayesinin bünövrəsinin qoyulması, beynəlxalq hərbi əməkdaşlığa açılmaq istiqamətində atılan addımlar gələcək qələbələrin əsasını təşkil etdi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət və ordu quruculuğu strategiyası bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı, 2020-ci ilin Tovuz döyüşləri və 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan Ordusu artıq dünyanın ən güclü hərb sistemlərindən birinə çevrilib.
Xüsusən 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Heydər Əliyev məktəbinin parlaq təntənəsi idi. Bu Zəfər həm də onun 1993-cü ildə səsləndirdiyi “Azərbaycanın gələcəyi xalqın əlindədir” kəlamının reallığa çevrilməsi oldu.
Vətən müharibəsində qazanılan qələbə təkcə torpaqların azad olunması deyil, həm də Ulu Öndərin ideyalarının dövlət siyasətində canlı qüvvəyə çevrildiyini təsdiqlədi. Azərbaycan əsgəri bu qələbəni Heydər Əliyev irsindən, onun Vətən sevgisindən, dövlətə sədaqət fəlsəfəsindən güc alaraq qazandı.
2023-cü ilin sentyabrında ordumuzun Qarabağda keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu hadisə 1993-cü ildə qoyulmuş milli ordu ideyasının tarixi zirvəsinə çatması idi. Azərbaycan Ordusu bu əməliyyatları mülki əhaliyə zərər vurmadan, beynəlxalq humanitar normalara tam riayət etməklə həyata keçirdi.
Beləliklə, Ulu Öndərin 32 il öncə səsləndirdiyi “ordu Azərbaycanın müdafiəsi üçün yaranmalıdır” prinsipi bu gün dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminatçısına çevrilib.
2 noyabr 1993-cü il müraciəti – bu tarix yalnız bir nitqin deyil, bir millətin dirçəlişinin, müstəqil dövlətin güc simvoluna çevrilmiş ordunun başlanğıc nöqtəsidir. Heydər Əliyevin strateji uzaqgörənliyi, xalqı bir amal ətrafında birləşdirən liderlik qüdrəti və dövlətçilik iradəsi Azərbaycan tarixində əbədi olaraq milli dirçəlişin rəmzi kimi yaşayacaq.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin ideyalar daha da inkişaf etdirilərək, Azərbaycanı regionda sülhün və gücün mərkəzinə çevirib. Müzəffər Azərbaycan Ordusu Ulu Öndərin qoyduğu yolun, Heydər Əliyev məktəbinin sarsılmaz davamıdır.

MUASİRMEDİA.AZ

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü