Sabah Nəsibə Zeynalovanın atası Cahangir Zeynalovun anım günüdür.

Mədəniyyət

Sabah milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi, Nəsibə Zeynalovanın atası Cahangir Zeynalovun (1865-1918) anım günüdür.
1906-cı ildə Bakıda yaradılan Müsəlman Dram Artistləri Cəmiyyətinə rəhbərlik edib. Maddi imkanı yaxşı olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırmışdı. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirmişdi. Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq edib, tamaşalar hazırlamışdılar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılardı və xərci Kərbəlayı özü ödəyərdi. (İllər sonra Hacıağa Abbasov Cahangir Zeynalovun qızı Nəsibə xanımı teatrda işdən çıxarmışdı). Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley keçirib.

MUASİRMEDİA.AZ