Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu gedişində noyabrın 3-də incəsənət nümayəndələrimizin geniş konsert proqramı təqdim olunub.
Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi musiqi axşamı hazırda Antalyada davam edən Türkiyə Mədəniyyət Yolu Festivalı çərçivəsində Antalya Dövlət Opera və Balet Teatrında keçirilib.
Konserti mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya şəhər rəhbərliyi, 40-dək ölkədən gəlmiş Azərbaycanın mədəniyyət elçiləri və Antalya ictimaiyyətinin nümayəndələri izləyiblər.
Musiqi və rəqs mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə Xalq artistləri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Murad Hüseynov, Nəzakət Teymurova, Teyyub Aslanov, Murad Adıgözəlzadə, Əlixan Səmədov, Əvəz Abdullayev, eləcə də Əməkdar artistlər Elnarə Məmmədova, Ceyla Seyidova, Elvin Qəniyev və digər solistlər çıxış ediblər. Səslənən Azərbaycan və dünya bəstəkarlarının əsərləri, muğam və xalq mahnılarımız alqışlarla qarşılanıb.
Azərbaycan Dövlət Rəqs Ansamblı və Əməkdar artist Eteri Cəfərovanın təqdim etdiyi bir-birindən maraqlı milli rəqs nümunələri də tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.
Konsertin sonunda nazir Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və səfir Rəşad Məmmədov səhnəyə çıxaraq incəsənət ustalarımıza möhtəşəm sənət nümayiş etdirdiklərinə görə təbriklərini çatdırıb və birgə xatirə fotoları çəkdirilib.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu noyabrın 4-də maraqlı tədbir və təqdimatlarla öz işini davam etdirəcək.





MUASİRMEDİA.AZ
