Ukraynada gecə hücumları
Ukrayna mediasının məlumatına görə, Rusiya ordusu 4 noyabr gecəsi Ukraynanın bir neçə regionuna – Dnepropetrovsk, Xarkov, Odessa və Sumı vilayətlərinə hava və raket zərbələri endirib. Nəticədə 65 yaşlı qadın həlak olub, 11 nəfər, o cümlədən 5 və 15 yaşlı iki uşaq yaralanıb. Energetika infrastrukturu zədələndiyi üçün bəzi bölgələrdə elektrik xətlərində fasilələr tətbiq olunur.
Dnepropetrovsk vilayətində başqa bir faciə baş verib: Rusiya ballistik raketi hərbçilərin toplandığı əraziyə düşüb. Həm mülki şəxslər, həm də hərbi qulluqçular arasında həlak olanlar var. Hadisə ilə bağlı araşdırma başlanılıb və təhlükəsizlik qaydalarına əməl olunmaması ehtimalı səbəbilə bəzi zabitlər vəzifədən uzaqlaşdırılıb.
Rusiyanın neft və hərbi infrastrukturlarına zərbələr
Eyni gecə Ukrayna dronları Rusiyanın daxili regionlarına dərin məsafəli hücumlar həyata keçirib: Başqırdıstanda STERLİTAMAK neft-kimya zavodu, Nijniy Novqorod vilayətinin KSTOVO şəhərində “LUKOYL-Nijniy Novqorodnefteorgsintez” və SIBUR zavodları, bunda əvvəl isə Tuapse limanındakı neft terminalı və tankerlər zərbələrə məruz qalıb.
Mənbələrə görə, güclü partlayışlar və yanğınlar baş verib. Rusiyanın rəsmi strukturları ziyanı “dron qalıqlarının düşməsi” kimi təqdim etsə də, Ukraynanın məqsədi aydındır: neft emalı və logistik infrastrukturu vurmaqla Rusiyanın iqtisadi və hərbi təminat imkanlarını zəiflətmək. Eyni zamanda, Ukraynanın hərbi kəşfiyyatı Krımda Rusiyanın S-400 zenit-raket sistemi və bir neçə strateji radar stansiyasını məhv edib. Bu zərbələr Krımın hava müdafiəsini zəiflətməyə yönəlir.
Müharibə enerji və iqtisadi infrastruktura keçib
Rusiya Ukraynanın enerji və mülki sektorunu vurmaqla qışı çətinləşdirməyə və cəmiyyəti təzyiq altında saxlamağa çalışır. Ukrayna isə cavab olaraq Rusiyanın neft emalı və hava müdafiə infrastrukturlarını hədəfə alır, iqtisadi imkanlarını zəiflədir və cəbhədə üstünlük qazanmaq üçün daxili resurslarını məhdudlaşdırır.
Ukrayna savaşı enerji və iqtisadi infrastruktur üzərində yeni mərhələyə keçib. Rusiya Ukraynanı qaranlığa qərq etmək istəyir, Ukrayna isə Rusiyanın yanacaq və logistik təminatını dağıtmaqla Kremlə əlavə xərc və daxili gərginlik yaratmaq niyyətindədir. Bu mərhələdə hər zərbə artıq yalnız cəbhəyə deyil, ölkələrin iqtisadi davamlılığına yönəlir.
MUASİRMEDİA.AZ
