Xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin hesabat iclası keçirilib

Dünya
Antalyada təşkil olunan Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 4-də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzlərinin hesabat iclası keçirilib.
Mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə reallaşan iclasda Mədəniyyət mərkəzlərinin rəhbərləri və nazirliyin nümayəndələri iştirak ediblər. Toplantıda Mədəniyyət mərkəzlərinin rəhbərləri 2025-ci ildəki fəaliyyətləri ilə bağlı hesabatları diqqətə çatdırıblar.
Azərbaycan mədəniyyətinin xaricdə təbliği istiqamətində görülən işlər və qarşıdakı dövr üçün fəaliyyət planları müzakirə olunub. Mədəniyyət diplomatiyasının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və yeni təşəbbüslərin koordinasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. İclasda həmçinin mərkəzlər tərəfindən həyata keçirilən layihələrin sistemli və davamlılığı, əhatə dairəsinin genişləndirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, həmçinin Azərbaycanın Türkiyədəki Səfirliyinin dəstəyi ilə həyata keçirilir.

MUASİRMEDİA.AZ