Elm, təhsil və sənayenin inteqrasiyası-müasir Azərbaycan modelinin əsası – Şərh
“Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın xalqının elm ocağı olan Akademiyanın qarşısında elm və təhsilin, sənayenin vəhdətini təşkil etmək kimi mühüm vəzifə durur. 80 illik yubiley mərasimində Prezident İlham Əliyevin çıxışında Azərbaycanın yeni inkişaf reallıqlarına uyğun elmi-iqtisadi-sənaye uğurları, intellektual mülkiyyət, zəka məhsulları yaradılması Milli Elmlər Akademiyası qarşısında tapşırıq olaraq irəli sürüldü. Bütün bu məqamları nəzərə alaraq, prezidentin çıxışını Azərbaycan elminin gələcəyi üçün “yol xəritəsi” adlandırmaq tam yerinə düşər”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər yalnız elmi ictimaiyyət üçün deyil, həm də ölkənin sənaye, innovasiya və təhsil sektorları üçün istiqamətverici mahiyyət daşıyır.
“Prezident İlham Əliyev vurğuladı ki, öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş Azərbaycan qarşısında indi yeni bir vəzifə – elmi bilikləri real iqtisadi inkişafa yönəltmək və elmi potensialı sənaye ilə birləşdirmək dayanır. Bu çağırış həm elmi tədqiqatların praktik nəticələr verməsi, həm də elmin milli iqtisadiyyata birbaşa töhfə verməsi baxımından strateji əhəmiyyət kəsb edir”, – o qeyd edib.
Deputat qeyd edib ki, Prezident çıxışında AMEA-nın qarşısında dayanan əsas hədəf kimi, elm, təhsil və sənayenin inteqrasiyasını ölkənin uzunmüddətli dayanıqlı inkişaf modelinin əsas komponenti kimi təqdim etdi. “Prezidentin sözləri ilə desək, “elmi nəticə yalnız laboratoriyada qalarsa, onun dəyəri məhduddur. Əsas məsələ elmin praktik nəticəyə çevrilməsidir.
Prezidentin çıxışında xüsusi vurğulanan istiqamətlərdən biri də intellektual mülkiyyətin qorunması və “süni zəka məhsulları”nın yaradılması oldu. Bu, Azərbaycan elminin qarşısında duran ən müasir çağırışlardan biridir. Qlobal rəqabət mühitində elmi ideyalar artıq iqtisadi gücün mühüm mənbəyinə çevrilir.
Bu baxımdan, Azərbaycanın innovativ iqtisadiyyat modelinə keçidi yalnız texnoloji yeniliklərlə deyil, həm də elmi tədqiqatların kommersiyalaşdırılması, patent bazasının genişləndirilməsi və milli brendlərin formalaşdırılması ilə mümkün olacaq”, – o vurğulayıb.
AMEA-kı çıxışı elm siyasətində yeni mərhələ kimi dəyərləndirən millət vəkilinin fikirncə, Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, dövlət elmi sahəyə təkcə mədəni və mənəvi dəyər kimi deyil, həm də strateji resurs kimi baxır: “Bu, həm elmi idarəetmədə struktur islahatlarının dərinləşməsi, həm də gənc alimlərin elmi prosesə cəlb edilməsi baxımından yeni mərhələnin başlanğıcıdır.
AMEA-nın 80 illik fəaliyyəti ərzində qazandığı elmi potensial indi yeni keyfiyyət mərhələsinə qədəm qoyur. Bu mərhələdə əsas prioritet – milli elmi resursların effektiv idarə olunması və beynəlxalq elmi dövriyyəyə inteqrasiyasıdır.
Bütün bu məqamları nəzərə aldıqda, Prezident İlham Əliyevin yubiley çıxışını Azərbaycan elminin gələcəyi üçün “yol xəritəsi” adlandırmaq tamamilə əsaslıdır. Çünki bu çıxışda həm ideoloji istiqamət – milli dövlətçilik ruhunda elmin inkişafı, həm də praktiki hədəflər – innovasiya, sənaye və təhsil inteqrasiyası kimi konkret tapşırıqlar öz əksini tapıb.
Bütün bu məqamlar onu göstərir ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı Azərbaycan elminin inkişafının “yol xəritəsi” rolunu oynayır.
Bu çıxışda həm ideoloji, həm də praktiki istiqamətlər müəyyənləşdirilib:
• Elm və sənaye arasında körpü qurmaq,
• İntellektual məhsulları milli iqtisadi dəyərə çevirmək,
• Gənc alimlərin potensialını reallaşdırmaq,
• Elmi idarəetmədə effektivlik və şəffaflığı təmin etmək,
• Elm-təhsil-innovasiya zəncirini vahid sistemə çevirmək.
Azərbaycan artıq postmüharibə dövründə yalnız bərpa və quruculuq işləri ilə deyil, həm də intellektual inkişaf dövrü ilə fərqlənir. Bu mərhələdə əsas məqsəd elmi kapitalın milli gücə çevrilməsi, texnoloji müstəqilliyin təmin edilməsi və intellektual suverenliyin möhkəmləndirilməsidir.
Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan elmi ölkəmizin gələcəyini, texnoloji müstəqilliyini və intellektual təhlükəsizliyini təmin edən əsas sütunlardan biridir.”
Bu, həm elmi ictimaiyyət üçün məsuliyyət çağırışıdır, həm də dövlətin elmin inkişafına verdiyi dərin strateji əhəmiyyətin ifadəsidir”.
MUASİRMEDİA.AZ
