Müsavatın Azərbaycanda bərpasının necə baş veridiyini bu yazıdan oxuya bilərsiniz

Siyasət
Bu gün (6 noyabr 1992-ci il) Müsavat Partiyasının fəaliyyətinin Azərbaycanda bərpa olunduğu gündür (8 noyabr 1992-ci ildə partiya qeydiyyata alınıb).
Müsavatın Azərbaycanda bərpasının necə baş veridiyini bu yazıdan oxuya bilərsiniz.
71 il Azərbaycandan kənarda fəaliyyət göstərən Müsavat Partiyası bu tarixi qurultaydan sonra rəsmən ölkədə fəaliyyətini bərpa edib. Qurultayı Bərpa Mərkəzi Başqanı İsa Qəmbər və Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Türkiyədə fəaliyyət göstərən Milli Müsavat Xalq Partiyasının Baş Katibi Əhməd Qaraca açmışlar.
Bərpa Mərkəzi Türkiyədəki Əski Müsavatçılarla uzun sürən məsləhətləşmələrdən sonra 1992-ci il iyunun 28-də yaradılmışdır. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy də iştirak edib. Bərpa Mərkəzi Azərbaycanda fəaliyyətə başlayan zaman Türkiyədə fəaliyyət göstərən Əski Müsavatçılar bu münasibətlə Ankarada mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında Genel Başqan Vəkili Məhəmməd Kəngərli və Baş Katib Əhməd Qaraca açıqlamalar vermişlər.
Məhəmməd Kəngərli: “Dəyərli mətbuat işçiləri və dava arkadaşlarım! Bu gün Türk dünyasının bir parçası olan Azərbaycanımızın və Azərbaycan xalqının 70 ildən bəri yurd içində və yurd xaricində vermiş olduqları milli bağımsızlıq mücadiləsinin öndərliyini yapmış olan bir siyasi partiyamızın yenidən səhnəyə çıxışını sizlərə müjdələmək istəyirəm”
Əhməd Qaraca: “Biz, Milli Müsavat Xalq Partiyası Başqanlıq Divanı olaraq Bərpa Mərkəzinin tərkibini müzakirə edərək razılıq verdik. Bu mərkəzdə yer alan arkadaşlarımızın ölümsüz Öndər Məhəmməd Əmin Rəsulzadəyə və onun idealına layiq bir fəaliyyət içində olacaqlarına güvənməkdəyik”
Müsavat Partiyasının Bərpa Qurultayında ilk söz Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə verilib.
Əbülfəz Elçibəy: “Hörmətli xanımlar və bəylər! Partiyanın hörmətli nümayəndələri! Mən sizin hamınızı bu tarixi gündə 80 ildən çox yol gəlmiş bir partiyanın nümayəndələri kimi ürəkdən təbrik edir, sizin hamınıza millətimizin qazandığı Müstəqillik yolunda böyük uğurlar arzulayıram! Tarixin keşməkeşlərindən keçib həyatiliyini sübut edən bir partiyanın III Qurultayında iştirak etməyimi özümə şərəf sayıram. Bu, 70 ildən çox totalitar rejimdə yaşayan, Azərbaycan xalqının azadlığa, müstəqilliyə ümidini qoruyub saxlayan bir partiyanın qurultayıdır. Bu partiya bu gün hamımızın daşıdığımız ideyanın əsasını qoyan, Şərqdə nəhəng siyasi liderlərdən sayılan böyük Məhəmməd Əmin Rəsulzadənin ideyasını daşıyan bir partiyadır. Müsavat Partiyası heç bir iş görməsəydi belə, o, üç prinsipə dayanan bayrağı yaratmaqla, bu millətə ən böyük xidməti etmiş olardı”
Müsavat Partiyasının III (Bərpa) Qurultayında Türkiyədən gələn aşağıdakı heyət iştirak edirdi: Əhməd Qaraca, Məhəmməd Kəngərli, Heydər Atak, Necati Okut , Selçuk Önal , İsa Yaşar Tezel , Timur Aksu, Məhəmməd Müştaq, Ramazan Öz, Əli Rza Turan, Abbas Aslan və Qurban Aydın.
Qurultayda İsa Qəmbər partiyanın başqanı seçilmiş, qızğın müzakirələrdən sonra partiyanın yeni proqramı qəbul edilmişdir.
Bu günə qədər Müsavat Partiyasının 6 Başqanı olub.
1. Məhəmməd Əmin Rəsulzadə
2. Mirzə Bala Məmmədzadə (1955-1959)
3. Kərim Odər (1959-1981)
4. Məhəmməd Azər Aran (1981-1992)
5. İsa Qəmbər (1992-2014)
6. Arif Hacılı (2014)
Müsavat Partiyasının Azərbaycandakı III Bərpa Qurultayından əvvəl Türkiyədəki Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı partiyanın Azərbaycana köçürülməsiylə bağlı aşağıdakı qərarı almışdır:
1. Müsavat Partiyası Başqanlıq Divanı, 10 iyul 1991-ci il tarixdə keçirmiş olduğu toplantıda 71 ildən bəri mühacirətdə fasiləsiz olaraq milli bağımsızlıq hərəkatına öndərlik edən Müsavatın 80-ci quruluş ildönümü münasibəti ilə, siyasi fəaliyyətlərinə rəsmən fəal bir surətdə Ana Vətən Azərbaycanda yenidən başlamasına və bu qayda ilə ölkədə təşkilatlanmasına qərar vermişdir.
2. Birinci maddədəki qərarın işığı altında Müsavatın Azərbaycanda rəsmən yenidən qurulması, təşkilatlanması, yayılması və Azərbaycanın siyasi həyatındakı yerini ala bilməsi istəyi ilə, siyahıda adları yazlı şəxslərin Qurucu üzvlər olaraq təsvibinə, Divanın 21 mart 1992-ci il tarixdəki 12 saylı iclasında qərar vermişdir.
3. İkinci maddədəki qərarın həyata keçirilərək, gerçəkləşə bilməsi üçün sayın Nəsib Nəsibzadəyə tam yetki verilmişdir.
4. Müsavat Partiyasının ikinci maddədə bəhs edilən siyahıdakı Qurucu üzvləri, Partiyanın yenidən quruluş tarixi olaraq 28 May 1992-ci il tarixi qəbul etmələri, siyasi görüş və Bağımsızlıq mücadiləmizin Təməl Fəsəfəsinə uyğun düşəcəkdir. Azərbaycanda “Müsavat”ın yenidən rəsmən quruluşu eyni gün həm Bakıda, həm də Ankarada keçiriləcək olan geniş bir mətbuat konfransı ilə bütün dünyaya elan ediləcəkdir.
5. Müsavat Partiyasının yenidən bərpasını təqib edən beş gün içində partiya qurucuları öz aralarında vəzifə bölgüsü apararaq, vəziyyəti, seçimi 21 gün içərisində Divana bildirəcəkdir. Bu rəsmi işlər tamamlandıqdan sonra Azərbaycan Cümhuriyyətində Müsavat Partiyası Divanının uyum içərisində təmsil etmə səlahiyyət və hüququna sahib olacaqdır. Hər cür idarə, sosial təşkilatlanma, maliyyə qaynaq təmini, sərfetmə səlahiyyətinə və bənzəri milli quruluşlarla əlaqə qurmaq səlahiyyətində olacaqdır. Ancaq xarici ilişgilərlə, milli siyasətin təsbitində Divanın görüş və tövsiyyələrinə önəm veriləcək, partiya siyasəti strategiyasının təsbit və uyğulamalarndakı istiqamət və taktikalarda Divanın təcrübələrindən yararlanacaqdır.
6. Müsavat Partiyasının III Bərpa Baş Qurultayı çağrılıncaya qədər, partiyanın yenidən bərpası ilə ilgili bütün məsələlərdə Qurucu Yönətimçilərə Partiya Divanınca səlahiyyətlər və İmza yetkisi verilmişdir.
7. Bərpa Mərkəzi və Məhəlli Təşkilatlar Partiyanın Nizamına bağlı qalacaqdır.
8. Azərbaycan Milli Müsavat Xalq Partiyası Mərkəzi Komitəsi Başqanlıq Divanı bu çətin, fəqət çətin olduğu qədər şərəfli bir vəzifədə olan bu Milli-Siyasi sorumluluğu yüklənrək, Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin Siyasi Şurasına sahib çıxan dəyərli Gənc Quruculara Təqdirini bəyan edir, bu yolda başarılı olacaqlarına inancını bildirir.

MUASİRMEDİA.AZ