Bu il Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü beşinci dəfə qeyd edir. 2020-ci ilin həmin tarixi günündə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhərini azad etdi. Bununla da 30 ilə yaxın davam edən işğala son qoyan Böyük Qələbənin təməli qoyuldu. 44 günlük Vətən müharibəsi təkcə hərbi zəfər deyildi. Bu, tarixi ədalətin bərpası, xalqın birliyinin, ordu və dövlətin gücünün təntənəsi idi. Şuşanın azad edilməsi həm rəmzi, həm də strateji baxımdan həlledici məqam oldu. Çünki Şuşa Azərbaycanın mədəni paytaxtı, Qarabağın ruhu idi. 8 Noyabr bu gün artıq Azərbaycanın dövlətçilik salnaməsində əbədi yer almış müqəddəs tarixdir. Hər il bu gün Vətən uğrunda canını fəda edən şəhidlər ehtiramla anılır, qazilərimizin qəhrəmanlığı xatırlanır. Qələbədən sonra ötən beş il ərzində Azərbaycan dövləti azad edilmiş ərazilərdə bərpa və quruculuq dövrünə qədəm qoyub. Şuşa, Füzuli, Zəngilan, Laçın, Cəbrayıl və digər bölgələrdə yenidənqurma layihələri, aeroportlar, yollar, məktəblər və xəstəxanalar inşa edilir. Köç prosesinin başlaması ilə “Böyük Qayıdış” artıq reallığa çevrilib. Bu illər həm də Zəfər ruhunun möhkəmləndiyi, milli həmrəyliyin dərinləşdiyi illər oldu. Gənclər üçün qəhrəmanlıq nümunəsinə çevrilən şəhidlərimizin yolu ilə getmək bir vətən borcuna çevrilib. 8 Noyabr sadəcə bir bayram deyil – millətin qürur və birliyinin günüdür. Bu gün hər bir azərbaycanlı ürəyində bir daha “Qarabağ Azərbaycandır!” sözlərinin gücünü hiss edir. Qazanılmış Qələbə gələcəyə olan inamı, dövlətə və ordumuza olan sevgini daha da artırıb. Beş il əvvəl silahla qazanılan zəfər, bu gün elm, mədəniyyət və iqtisadi inkişafla möhkəmlənir.
MUASİRMEDİA.AZ
