Dilçilik İnstitutunun direktoru: “Azərbaycan dilinin milli korpusu yaradılır”

ƏDƏBİYYAT
Dilçilik İnstitutunun direktoru: “Azərbaycan dilinin milli korpusu yaradılır”
Dövlət başçısının Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu tələblərə uyğun olaraq internet mühitdə digər dillərin Azərbaycan dilini sıxışdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi vacibdir.
Bu sözləri AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Akademiyanın 80 illik yubiley tədbirindəki nitqində Azərbaycan dili ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda keçirilən yığıncaqda Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli deyib.
Professor Nadir Məmmədli Azərbaycan dilini emal etməyə imkan verən milli dil korpusunun yaradılması prosesinə başlanıldığını söyləyib. Vurğulayıb ki, bu, həm dilçilik elminin, həm də tətbiqi tədqiqatların inkişafı baxımından strateji əhəmiyyət daşıyan mürəkkəb bir mərhələdir. Müasir dilçilik və texnoloji sistemlər üçün etibarlı mənbə rolunu oynayacaq bu korpus dil resurslarının sistemləşdirilməsi, avtomatik emalı və statistik təhlili üçün zəruri baza yaradır.
“Dilçilik İnstitutu tərəfindən müxtəlif mənbələrdən toplanan dil materialları “Süni intellekt və kompüter dilçiliyi” şöbəsi tərəfindən emal edilərək sistemləşdirilib. Bu işlərin nəticəsi kimi Azərbaycan dilinin 220 min sözdən ibarət söz bazası formalaşdırılıb. Eyni zamanda, sözlərin işlənmə tezliyini müəyyən edən tezlik lüğətləri hazırlanıb. Gələcəkdə bu lüğətlərin nəticələri əsasında sözlərin Orfoqrafiya lüğətinə daxil edilməsi nəzərdə tutulur”, – deyə professor Nadir Məmmədli bildirib.
MUASİRMEDİA.AZ