Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev hazırda Qocalar evində yaşayır.
Amma onun yaşadığı Qocalar Evi Azərbaycanda deyil, uzaq İsveçdə yerləşir. Məsələ burasındadır ki, Şahin Tağıyev 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb.
Avropada yaşayan tanınmış azərbaycanlı fəal, yazıçı-jurnalist Vahid Qazi:
“8 noyabr Zəfər bayramında – Şuşanın 28 illik işğaldan azad edildiyi gündə Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevi “Oxie” Qocalar evində ziyarət etdik. Şahin bəy insult və infarkt keçirəndən sonra burada yaşayır. İsveçin səhiyyə və sosial sisteminin təmin etdiyi qayğı, övladlarının, nəvələrinin diqqəti, sevgisi ilə ömür sürür.
Xeyli söhbət etdik, 1990- ların ilk yarısında yaşadığımız ömrün faciələr dolu ağır illərindən üzü azad Qarabağacan – Zəfər günündək danışdıq.
Dedim, tez sağal Şuşaya birlikdə gedək, kövrəldi. Ayrılanda hamıya salam dedi, xalqımızı təbrik elədi.
Mən də onun təbrikinə qoşulub Zəfər günümüz mübarək olsun deyirəm”, – Vahid Qazi bildirib.
– Şahin Tağıyev əslən Şuşadandır.
1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Prezidentin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adı verilib.
Şahin Tağıyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.
2001-ci ildən Azərbaycandan Avropaya mühacirət edib, İsveçə köçüb.
Ş.Tağıyev ailəsi ilə birgə hazırda İsveçdə yaşayır. Bir oğlu, bir qızı, nəvələri var.
MUASİRMEDİA.AZ
