Müxalifət, yoxsa, xalq ?

Siyasət
Syasətə qarısmayanlar, bəs, nəyə qarışırlar?
Ölkənin quru sərhədləri olmayan “Covid” bəhanəsi ilə artıq bir neçə ildir ki, bağlı saxlanılır və biz də xalq olaraq hakimiyyətin bu bəhanəsini çimçəşə-çimçəşə, xoşumuz gəlməsə də yeyirik. Düzdür hakimiyyət bizim bu yalana inanmadığımızı çox gözəl bilir, ancaq dövlət səviyyəsində təqdim edilən yalana qarşı etinasız qalmağımız onda bu əminliyi yaradır ki, xalq olaraq bizi nəyəsə inandırmağa da heç gərək yoxdur, lazım olanda cəmiyyətə istədiyi yalanı bu cür yedirmək mümkündür. Biz də inanırıq ki, dövlət adından təqdim edilən bütün yalanları bilməyimiz heç nəyi dəyişmir, onları sükutla qarşılamaqdan başqa çarəmiz yoxdur.
Bu vəziyyətdə elə bir dəhşətli gerçəkliklə üz-üzəyik ki, adamın bu reallığı etiraf etməyə dili belə gəlmir. Belə çıxır ki, artıq dünyanın heç bir yerində olmayan, bir neçə il öncə tarixə qovuşmuş yalanı, bəhanəni əsas gətirib ölkənin quru sərhədlərini bağlı saxlaya bilirlərsə, demək ki, istənilən ağ yalanı heç pərdələmədən, xalq inanar-inanmaz əndişəsi keçirmədən qırmızı-qırmızı deyib istədikləri hoqqanı da çıxara bilərlər. Buna görə də özlərini çox arxayın hiss edirlər. Dəfələrlə həbsxana həyatı görmüş biri kimi deyə bilərəm ki, bu elə bir azğınlıq, elə bir qaydasız davranışdır ki, hətta kriminal aləmin qaydalarını belə aşır, bütöv bir milləti kollektiv şəkildə təhqir edir, onun qürurunu əzib tapdalayır.
Olmayan Covidə görə “sərhəd bağlıdır” deyənlərə nəyisə sübut etməyin, onların siyasətinin yanlışlığını əsaslandırıb ictimai qınağa məruz qoymağın bir mənası varmı? Bunlar onsuz da sərhəd məsələsində gətirdikləri bəhanə ilə ictimai rəyi tapdadıqlarını, xalqın nə düşündüyünə heç bir dəyər vermədiklərini açıq aşkar nümayiş etdirməkdən çəkinmirlər. Bunun adı sözün birbaşa mənasında xalqa “sən heç kimsən” deməkdir.
Təəsüf ki, problem təkcə sərhədlərin bağlı qalması ilə bitmir. Sərhədlər bağlı qaldıqca və biz də cəmiyyət olaraq bu durumu qəbul etdikcə, hakimiyyət tərəfindən “Azərbaycan xalqına daha nələr edilə bilər?” fikrindəki sərhədlər, baryerlər də ortadan qalxır. Gəlinən nəticə odur ki, hələ ki, hər şey edə biləcəklərinə çox arxayındırlar. Ona görə də “bunlar niyə cərimələri bu qədər artırırlar, niyə qiymətlər süni şəkildə qaldırılır, niyə uşaq pulu verilmir, niyə seçkilər saxtalaşdırılır” suallarını vermək belə sadəlövhlük təsiri bağışlayır. Bu biraz da mafiyaya qanunların önəmindən danışmağa bənzəyir, absurddur, deyilmi ?
Sərhədlərin bağlı saxlanılması elə mövzudur ki, bu məsələdə heç kimə heç nəyi sübut etməyə də ehtiyac yoxdur. Əgər sübuta ehtiyacı olmayan məsələdə cəmiyyət olaraq bu qədər etinasız və susqun qalırıqsa, o zaman digər mövzularda siyasətçilərin, jurnalistlərin nəyisə sübut etməsinə, həqiqətləri təbliğ etməsinə verəcəyimiz reaksiya da bəllidir. Ona görə də bu gün ölkədəki vəziyyəti bəzilərinin yalnız müxalifətin problemi, həll etməli olduğu məsələ kimi təqdim etməsi, kənardan ən yumşaq halda düşüncə məhdudluğu, ictimai məsuliyyət hissini anlamama kimi görünür.
Hakimiyyəti arxayınlaşdıran da, siyasəti bir kənara qoyuram, istənilən ictimai marağa toxunan məsələ qarşısında bizim susqun və biganə davranışımız, reaksiya göstərməməyimizdir. Ona görə də, neft gəlirləri azalsa da, xammal ixracı üzərində qurulmuş primitiv iqtisadi model tənəzzül etsə də, insanların yaşayış şərtləri getdikcə ağırlaşsa da, ÜDM artımına, orta aylıq maaş səviyyəsinə görə qonşu Gürcüstan və Ermənistandan geri qalsaq da, hakimiyyət heç bir narahatçılıq keçirmir, vəziyyəti dəyişmək üçün hər hansı təşəbbüs göstərmir. Çünki qarşılarında öz haqlarının qəsb olunmasına susqun qalan bir xalq var.
Quru sərhədləri mövzusunu ona görə xüsusi olaraq seçdim ki, bu məsələ “mən siyasətə qarışmıram” bəhanəsini ortadan qaldıran, ən azı əhalinin yarıdan çoxunu maraqlandıran bir mövzu hesab olunur. Bu məsələ də seçki, media azadlığı deyil ki, məsuliyyəti ancaq müxalifətin üzərinə qoyub, xalq olaraq öz müqəddəratımıza qarşı biganəliyimizə guya qeyri siyasi baxışlardan doğan bir yanaşma kimi bəhanə uyduraq, haqq qazandırmağa çalışaq.
Odur ki, bu gün ölkənin quru sərhədlərinin bağlı saxlanılması onu göstərir ki, biz təkcə siyasətə deyil, ictimai maraqlara zərər vuran, bizim yaşayış şərtlərimizə, hüquqlarımıza mənfi təsir göstərən heç bir məsələyə qarışmırıq, təpki vermirik. Ona görə də hakimiyyət öz ənənəvi yalanlarını dəyişmədən, heç islahatlara getmədən, xalqın problemlərinə diqqət yetirmədən, dövlət siyasətinə çevrilmiş korrupsiya tamahından geri çəkilmədən indiyə qədər necə gəlibsə, bundan sonra da elə davam etmək niyyətindədir.

kürsü görseli olabilir
MUASİRMEDİA.AZ