Noyabrın 12-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş toplantı keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ziyalılar, hərbiçilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli, Şəki rayon prokurorluğunun böyük müstəntiqi Abbas Qarayev çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiyası Günü elan edilib.
Bildirilib ki, Konstitusiyanın qəbulu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Ulu Öndər Konstitusiyanı inkişaf etmiş dövlətlərin təcrübəsinə əsaslanaraq hazırlanmasına nail olmuşdur. Eyni zamanda, Konstitusiyamızda dövlətimizin milli maraqları, xalqımızın milli-mənəvi dəyərləri unikal bir formada əks etdirilib.
Vurğulanıb ki, Konstitusiyanın preambulasında başlıca niyyət kimi qeyd edilmiş – Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması niyyətinin son illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Liderliyi, ordumuzun gücü ilə həyata keçirilməsi Əsas Qanunumuzun 30 yaşına ən qiymətli tarixi töhfəsidir.
Toplantıda Azərbaycan Respublikasının Milli Məclisinin Aparatının hazırladığı Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30 illiyinə və Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünə həsr olunmuş “İlk milli Konstitusiyamız və Suverenliyimiz” adlı sənədli film nümayiş olunub.
Tədbirdə III MDB Oyunları çərçivəsində Şəki şəhərində yarışların yüksək səviyyədə təşkilində dəstək göstərən qurumlara Şəki Şəhər İcra Hakimiyyətinin təltifləri təqdim edilib.





MUASİRMEDİA.AZ
