Bu gün Əməkdar artist Sabir Mirzəyevin doğum günüdür
Sabir Mirzəyev 1943-cü il noyabrın 14-də Cəlilabad rayonunun Bayxanlı kəndində – xanəndə Nüsrət Mirzəyevin ailəsində doğulub. Böyük sənət aləmi fəaliyyətinə 1960-cı ildə başlayıb, 50 ilə yaxın bir müddətdə təkrarsız səsi, gözəl ifaları ilə rəsmi tədbirlərdə, el-obanın toy-büsat şənliklərində, radio-televiziya dalğalarında çıxışlar edib. Dövlət Filarmoniyasında, “Azərkonsert” birliyində çalışmaqla, ürəkdən sevdiyi və sevildiyi xalqın xidmətində olub.
Özündən öncəki ustadların ifaçılıq ənənələrinə istedadlı və bacarıqlı varis ləyaqətilə yanaşan, bu qədim qeyri-maddi irsi yaşatmağa çalışan Sabir Mirzəyev özü də bənzərsiz səsi, ifa üslubu ilə milli musiqi sənəti tariximizin qızıl səhifələrinə düşüb.
Böyük muğam aləmimizə ayrıca canlı bir guşə timsalında gələn, ifa etdiyi bir çox mahnı, təsnif və muğamları (“Qarabağın maralı”, “Şuşanın dağları”, “Nazlana-nazlana”, “Gülə-gülə”, “Aşiqəm”, “Çahargah”, “Rast”, “Şahnaz”, “Segah”) Azərbaycan radiosunun “Qızıl fondu”nda qiymətli sənət inciləri kimi qorunub-saxlanılır.
2007-ci ildə Əməkdar artist adına, habelə Prezident təqaüdünə layiq görülən Sabir Mirzəyev 23 iyul 2011-ci ildə vəfat edib.

MUASİRMEDİA.AZ
