Avşar kəndində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbul-görüşü keçirilmişdir

ölkə
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulu davam edir. Növbəti qəbul Avşar kəndində keçirilib. Qəbulda hüquq – mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri iştirak ediblər.
Çıxış edən icra başçısı Rafil Hüseynov qeyd edib ki, son zamanlar Avşar kəndində yaxşıya doğru bir sıra dəyişikliklər var. Kənd camaatının birliyi, sözübütövlüyü getdikcə daha da möhkəmlənir. Həmçinin, yas mərasimləri ilə bağlı danışarkən, israfçılığın qarşısının alınması məqsədilə burada yeni atılan addımları, nümunəvi davranışları yüksək qiymətləndirən rayon rəhbəri sakinlərə uğrular arzulayıb və sözü onlara verib.
Kənd sakini, ziyalı Yasin Cəfərov çıxış edərək, bildirib ki, problemlər hər yerdə var. Amma ümumilikdə Avşar kəndi inkişaf edən bir kənddir. Yol, qaz, işıqla bağlı problem yoxdur, kənddə bir səliqə-səhman var. Rabitə, internetlə bağlı çətinliklər yaşanmır. Sakin tərəfindən həllinə ehtiyac duyulan məsələlər də diqqətə çatdırılıb ki, bunlar kənddə uşaq bağçasının tikilməsi, ərazidən keçən kanalın çirkabdan təmizlənməsi və suvarma suyu ilə bağlı yaşanan çətinliklər olub.

Səyyar qəbulda qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib, bəzi məsələlər nəzarətə götürülüb.

MUASİRMEDİA.AZ