Rusiya-NATO müharibəsi bu tarixə qədər BAŞLAYA BİLƏR

Dünya

“Rusiya Avropada müharibəyə hazırlaşır”.

Bunu Polşa Baş Qərargah rəisi, general Vislav Kukula Rusiyanın Polşaya qarşı həyata keçirdiyi bir sıra kiberhücumlar və təxribat aktlarını şərh edərkən deyib.

Generalın sözlərinə görə, bölgədə vəziyyətin necə inkişaf edəcəyi əsasən NATO müttəfiqlərinin mövqeyindən asılı olacaq. Bu isə Rusiyanın mümkün təcavüz ehtimalının qarşısının alınmasında həlledici faktor kimi qiymətləndirilir.

NATO-nun mövqeyi Rusiyanın hücum riskini nə qədər azalda bilər? Rusiyanın Avropada genişmiqyaslı müharibəyə başlaması nə dərəcədə realdır?

Politoloq Əli Mustafa EDnews-a açıqlamasında bildirib ki, Rusiya ilə NATO arasında faktiki qarşıdurma mövcuddur:

“Son dövrlərdə Rusiyanın bir sıra Avropa ölkələrinə dron hücumları və müxtəlif müdaxilələri baş verir. Bunlar NATO-nun imkanlarını yenidən qiymətləndirməsinə və Avropa ölkələrinin hərbi xərclərini artırmasına səbəb olub. NATO bunu Rusiyanın mümkün hücumuna hazırlıq kimi qiymətləndirir, Rusiya isə Avropanın bu təhdidi siyasi məqsədlərlə şişirtdiyini bildirir”.

Politoloq qeyd edib ki, bir çox Avropa ölkələrinin hakimiyyətləri öz siyasi mövqelərini möhkəmləndirmək üçün Rusiyanı təhlükə kimi təqdim etməyə çalışırlar:

əli-ms.jpg

“Polşa Baş Qərargah rəisinin və NATO, o cümlədən Almaniyanın müdafiə nazirlərinin açıqlamaları göstərir ki, Avropa ilə Rusiya arasında müharibə riski realdır. Bu, yaxın zamanda baş verməsə də, hər iki tərəf hazırlıq aparır və bir-birini ittiham edir. Ümumilikdə NATO-nun mövqeyi Rusiyanı tam dayandırmayacaq, Rusiya da NATO-nu qorxuda bilməyəcək. Müharibənin başlama vaxtı ilə bağlı müxtəlif proqnozlar var, lakin əksər ekspertlər hesab edir ki, 2030-cu ilə qədər belə bir qarşıdurmanın yaranma ehtimalı qalır”.

MM.AZ