2023-cü ilin noyabr ayında Bakı şəhərinin Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsində yerləşən yaşayış binasında güclü yanğın baş verdi (fotoda). Yanğınsöndürən və təcili yardım maşınları binaya yaxınlaşa bilmədiyi üçün yanğın vaxtında söndürülmədi və insanlar həlak oldular.
Dünən oxşar faciə təkrarlandı: Yasamal rayonunda, Mirəli Seyidov küçəsində çoxmərtəbəli binada güclü yanğın zamanı yanğınsöndürənlər və təcili yardım maşınları yenə də hadisə yerinə çata bilmədilər və qonşu küçələrdə dayandırılmağa məcbur oldular. Xüsusi texnika binaya yaxınlaşa bilmədi. Nəticə — üç nəfər həlak oldu və onlarla insan yaralandı.
Bəs bu niyə baş verir? Səbəb odur ki, hər iki bina əvvəllər uşaqlar üçün meydançalar və istirahət zonaları nəzərdə tutulmuş kvartalın daxili həyətlərində tikilmişdir. Sovet dövründə binalar arasında geniş həyətlər, idman və uşaqlar üçün meydançalar var idi, və hər növ nəqliyyat — təcili yardım maşınlarından iri yanğınsöndürən texnikaya qədər — rahatlıqla daxil ola bilirdi.
Bu şəhərsalma normaları sovet dövründə hazırlanmışdı və müstəqillik qazandıqdan sonra ləğv edilməmişdi. Lakin tikinti icazələrinin verilməsi sistemində baş verən dəhşətli korrupsiya nəticəsində, dünən yanğın baş verən 18 mərtəbəli bina yaşayış beşmərtəbəli binaların arasındakı kiçik həyətin tam mərkəzində inşa olunmuşdur.
Hüquq-mühafizə orqanları ilk növbədə bunu araşdırmalıdırlar: Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin hansı məmuru orada olmamalı olan yerdə tikintiyə icazə verib?
Belə məmurlar — yalnız «bu gün qazanc» prinsipi ilə hərəkət edənlər — cinayət məsuliyyətinə cəlb olunmayana qədər vəziyyət dəyişməyəcək. Təəssüf ki, onları bizim həyatımızın təhlükəsizliyi maraqlandırmır.
.

MUASİRMEDİA.AZ
