Putinin Ukraynadan sonrakı planları

Dünya
Putin Ukraynada apardığı 4 illik maddi və insan itkili böyük və ağır müharibədən, hiss olunur ki, yorulub. Və çalışır ki, nə qədər mümkündür çox mənfəətlə, şərtlə sülh bağlanmasına nail olsun. Yəni, hiss olunur ki, aşağı-yuxarı mənfəətlə, ya şərtlərlə bu üzücü müharibə yaxında bitməlidir.
Bəs, müharibə bitəndən sonra Putin nə edəcək, sakitləşəcəkmi? Əsla yox. Konfliktlər maniyasi həyat tərzinə çevrilmiş, özü dediyi kimi ‘dvijuxa’, qovğadan, çaxnaşma yaratmaqdan ləzzət alan şəxs, bu peşəsinə hələ davam etdəcək. Harada və kimlərlə? Daha arxası az, daha az itki verən, daha kiçik bölgələrdə. Bölgəlar hansı ola bilir?
Ukrayna kimi Qərb arxalı, böyük, vuruşqan ölkə ilə ağır müharibəyə başı qarışdığı 4 il dövrdə, o çox region və bölgələri təsirindən itirdi. Suriya, Aralıq dənizi, Afrika, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Cənubi Amerikada və sair regionlarda xeyli təsir və hətta, mövcudluq kimi itkilər verdi. Yəni, yəqin Ukraynadan başı açılan kimi, dərhal çalışacaq ki, bu itkilərini bərpa etsin… Harada?
Zənnimcə əvvəlcə, onun imperiyasına bilavsiitə təhlükə saydığı bölgələrdən başlamağa çalışar, sonra isə ona mənfəət gətirən regionlara keçər. Bunlar isə, ilk növbədə onunla həmsərhəd olan postsovet bölgələrindən Mərkəzi Asiya, Cənubi Qafqazdır. Xüsusən də, Azərbaycana qarşı son bir ildə çox hirs-hikkəli, qisaslı, həm təxribatlıdır. Bizim Azərbaycan gərək ehtiyat-hazırlıqlı olsun.
Rusiyadan son iki açıqlamanı misal çəkək.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Cənubi Qafqazla bağlı son günlərdə açıqlaması ilə Azərbaycan, Rusiya, Ermənistan arasında əldə edilən üçtərəfli razılaşmaların öz aktuallığını itirmədiyini, daimi sülh prosesi üçün Moskva vasitəçiliyinin vacib zəruriliyini bildirib.
“Exo Moskvı” radiosunun keçmiş baş redaktoru üzdə müxalifət, altda Kremllə çalışan təxribatçı Aleksey Venediktov, İrəvandakı müsahibəsində Ermənistan-Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin Azərbaycanın ”əsirliyində” olan Ruben Vardanyanı unutmadığı və sadəcə, Ukraynadakı müharibədə resursları itirilməsinə görə Moskvanın indi müdaxilə etmədiyini deyir.
Çinə, Türkiyəyə və Qərbə tərəf yönələn Mərkəzi Asiya dövlətlərini də rahat buraxan deyil, Putin. Hələ, Ukrayna sülh sazişindən qalib çıxarsa, lap əli-qolu açılacaq, öz hegemonluq siyasəti üçün. Ona görə Ukrayna savaşı bir göstəricidir: dünya üçün Rusiya fəlakəti baş tutar, ya yox? Tutmaz!

MUASİRMEDİA.AZ

İlqar Altay