“EXO MOSKVA” radiosunun baş redaktoru Aleksey Venediktovun keçən həftə Yerevana səfəri edib

Dünya
Rusiyada tanınmış jurnalist “EXO MOSKVA” radiosunun baş redaktoru Aleksey Venediktovun keçən həftə Yerevana səfəri və bu zaman verdikləri müsahibələr Azərbaycan mediasında lazımınca işıqlandırılmadı.
Bu, sadə bir jurnalistin, yaxud baş redaktorun səfəri deyildi. Xəbəri olmayanlar üçün bildirim ki, A.Venediktov V.Putinlə birbaşa əlaqə yarada bilən, Rusiya Prezidentinin sözçüsü Peskovun, Rusiya Prezident Administrasiyası rəhbərininn müavini, bütün Rusiya KİV-lərinin kuratoru Qromovun və Rusiya rəhbərliyində vacib vəzifədə olan çoxsaylı şəxslərin yaxın dostudur. Uzun illərdir ki, özünü cəmiyyətə demokrat kimi sırımaq istəsə də, o da əksər Rusiya demokratları kimi imperiya xəstəsidir.
Əminəm ki, ictimaiyyətə bəlli olan görüşlərindən başqa onun çoxlu sayda daha vacib görüşləri olub və Rusiya rəhbərlərinin sözünü birbaşa lazımı şəxslərə çatdırıb. Gizli görüşlərdə nələr dediyini bilmək üçün onun müsahibələrində açıq bildirdiyi fikirlərə ötəri baxmaq kifayətdir. Verdiyi müsahibələrində, qısa desəm, açıq şəkildə bildirdi: Birincisi, Rusiya rəhbərliyi bu gün də Ermənistanı özünə doğma, Azərbaycanı isə yad sayır. İkincisi, Ermənistanın Qarabağ müharibəsində uduzmasına üzülüb. Üçüncüsü, 44 günlük müharibədə və sonra Rusiyanın nisbi neytral mövqeyi onun istəyi ilə deyil, imkanlarının məhdudluğu ilə bağlı olub. Dördüncü, əgər Ukrayna ilə müharibəyə hazırlıq olmasa, Rusiya heç vaxt baş verənlərə biganə qalmazdı. Beşinci, Qarabağ problemini unutmaq lazım deyil. Altıncısı və ən vacibi Rusiya Ukrayna problemini həll edən kimi Qarabağ problemini yenidən gündəmə gətirib həll edəcək və s. və i.
Buna görə də dəfələrlə bildirdiyim fikirləri bir daha təkrar edirəm. Nə qədər ki, qonşuluğumuzda Rusiya, İran kimi imperiyalar, öz xislətlərinə görə daim onların əlində alət olub qonşu torpaqların göz tikən Ermənistan var, biz heç vaxt rahatlanmamalıyıq. Heç kim deməsin ki, Qarabağ problemi həmişəlik həll olunub. Bunun üçün Ordumuzu gücləndirməklə yanaşı, hakimiyyət – vətəndaş münasibətlərini normallaşdırmalıyıq. Bu isə ilk növbədə vətəndaşların maddi rifahlarının yaxşılaşdırılmasından keçir. Bu sahədə isə, xüsusilə, son dövrlərdə vəziyyət heç də ürəkaçan deyil.

Foto: Venediktov Ermənistan Parlamentinin sədri A.Simonyanla.

MUASİRMEDİA.AZ