Türkmənistanda CAREC layihə ofisinin direktoru Merqen Kepbanov bəyan edib ki, Zəngəzur dəhlizi türk dünyasının birliyini təcəssüm etdirən strateji layihədir. O, bu fikri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda səsləndirib. Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası Komitəsinin sədri, “Yüksəliş” hərəkatının rəhbəri Babur Bekmuratov isə bildirib ki, Zəngəzur dəhlizi həm türk dünyası, həm də geniş Avrasiya məkanı üçün strateji əhəmiyyətə malikdir. Mövzuya münasibət bildirən Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün deyib ki, Zəngəzur dəhlizinin tam işə düşməsi tarixi hadisə olacaq və regionun, eləcə də dünyanın iqtisadiyyatına böyük töhfə verəcək. Mövzu yenidən təsdiqləyir ki, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, türk coğrafiyasında siyasi, iqtisadi və ideoloji inteqrasiyanı möhkəmləndirən əsas strateji xətt kimi qiymətləndirilir.
MUASİRMEDİA.AZ
