Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan mərhum şair Abbasağa Azərtürkün 90 illik yubileyi münasibətilə tədbir keçirildi. Cəlilabad rayon icra hakimiyyətinin təşkilatçılığı, Yazıçılar Birliyinin Lənkəran bölməsinin və Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin dəstəyi ilə təşkil olunan tədbirdə bölgədə yaşayan şair və yazıçılar, tanınmış ziyalılar, veteran müəllimlər və içtimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri tanınmış mədəniyyət işçisi Xeyrulla Şahbazov giriş sözü ilə açdıqdan sonra torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və məhrum şairimiz Abbasağa Azərtürkün xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Şair-publisist Ədalət Salmanın mediatorluğu ilə keçən tədbirdə AYB Lənkəran bölməsinin sədri, Qafar Cəfərli, Cəlilabad rayon icra hakimiyyətinin məsul işçisi Varid Əsgərov, şair və yazıçılardan Əfrahim Abbas, Meyxoş Abdullah, Ağamir Cavad, Asif Həsənli, Səyavuş Süleymanlı, Gülbala Teymur, Ruhiyyə Abbaszadə, İman Abdulla, Əlövsət Tahirli, Mikayıl İnçəçaylı, Əhməd Qala, Qurban Əhməd, Sakit Üçtəpəli, Fərid Fariz, Zülfi Vellidağ, Arzu Əyyarqızı, İlqar İsmayılzadə, Cəlil Qurbanlı, veteran müəllimlərdən Atamalı Əliyev, Ədalət Əsgərov, Elxan Əliyev, Adıgözəl Nuriyev, Adil Hüseynov, Əsədulla Əliyev, Vaqif Qasımov, Ələsgər Mirzəzadə, bədii-qiraətçi Tarix Vüsallı və başqaları çıxış edərək yubileyi qeyd olunan şair Abbadsağa Azərtürkün həyat və yaradıcılığı haqqında geniş danışdılar, onunla bağlı xatirələrindən söz açdılar, şairin şeirlərindən nümunələr söylədilər.
3 saylı klubun müdiri Xeyrulla Şahbazovun rəhbərlik etdiyi Abbasağa Azərtürk adına bədii qiraətçilər dərnəyinin üzvlərinin ifa etdiyi şeirlər maraqla qarşılandı.
Tədbirdə mərhum şair Abbasağa Azərtürkün yubileyi münasibətilə çap olunan “Cavabsız məktublar” şeirlər kitabı iştirakçılara hədiyyə olundu. Tanınmış şair Ədalət Salmanın redaktorluğu ilə nəşr edilən həmin kitaba filologiya elmlər doktoru Vaqif Yusifli ön söz yazıb.
Tədbirin sonunda şairin oğlu Əli Hüseynov tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi.
Tədbir iştirakçıları xatirə şəkilləri də çəkdirdilər.
MUASİRMEDİA.AZ
