Son həbslər və AXCP -nin durumu. Reaksiyalar nəyi göstərir?

Siyasət
Artıq Qərbdən gələn reaksiyalar onu göstərir ki, Əli Kərimlini Rusiyanın Azərbaycandakı əsas adamı hesab olunan Ramiz Mehdiyevin dövlət çevrilişi işinə bağlamaq alınmayacaq. Bu elə məsələdir ki, Qərbdə də başa düşürlər ki, əgər Əli Kərimli uzun müddət həbsdə qalmaqda davam edəcəksə, Azərbaycanda diktatura daha da möhkəmlənmiş olacaq. Diktatura olan Azərbaycanın isə Qərbə inteqrasiya perspektivi ortadan qalxmış olacaq.
Təsadüfi deyil ki, bazar günü olmasına baxmayaraq Qərbin “Vaşinqton Post”, “Röyters”, “The Teleqraf”, “Assoseytied Pres”, “Le Mond” və.s kimi informasiya nəhəngləri arrtıq bu məsələni diqqətdə saxlayataq müxalifət lideri Əli Kərimlinin həbsini bütün dünyaya təqdim ediblər. Üzümüzə gələn həftədə isə bu məsələnin daha böyük beynəlxalq diqqət və reaksiya yaradacağı gözlənilir.
Azərbaycanda diktatura rejiminin bütün demokratik dəyərləri əzməsi, tənqidi fikri və insan hüquqları adına bütün normaları inkar etməsi, bu gün təkcə Azərbaycanın daxili məsələsi deyil. Bu siyasət həm də Avropanın Cənubi Qafqazı öz içinə alan genişlənmə siyasətinin təkərinə çomaq soxmaq deməkdir. Ona görə də Əli Kərimli işi, həm də bu gün regionun geosiyasi perspektivləri ilə birbaşa bağlı məsələ kimi dünyanın gündəminə gələcək.
Bundan sonra Avropada İlham Əliyevlə olan əksər görüş və müzakirələrdə Əli Kərimlinin azadlıq tələbi də heç şübhəsiz ki, masada olacaq. Ona görə də qarşıdakı dönəmdə Qərb bu məsələnin üzərinə getdikcə, bu gün Əli Kərimlinin xarici mediada müsahibələrinə dözməyən rejim, sabah onun beynəlxalq səviyyədə necə populyarlıq və dəstək qazandığını görmək zorunda qalacaq.
Həbsdəki Əli Kərimli azadlıqda olduğundan daha populyar olacaqsa, rejim bundan daha çox qazanacaq, yoxsa itirəcək? Məsələnin ən absurd tərəfi odur ki, Qərbin ən yaxşı tanıdığı və ölkəsinin Avropaya inteqrasiya olunması üçün ardıcıl və prinsipial mübarizə aparan bir lideri indi elə həmin Qərbə Rusiyanın planının iştirakçısı kimi sırımaq istəyirlər. Aydındır ki, heç kim belə bir absurd iddanı ciddi qəbul etməz.
Məlumata görə, bu qurama cinayət işində tanınmış başqa müxalifət nümayəndələrinin də adları keçir və rejim AXCP rəhbərliyi ilə bərabər Milli Şuranı da bu məsələyə cəlb etmək istəyir. Belə görünür ki, hakimiyyət heç də həbs etdikləri ilə kifayətlənmək fikrində deyil. O zaman belə geniş və böyükmiqyaslı repressiya beynəlxalq reaksiyaları daha da böyüdərək hakimiyyətin təkcə öz siyasi rəqibini deyil, bütövlükdə demokratik prosesləri hədəf aldığını aydın şəkildə ortaya qoymuş olacaq.
Xalq Cəbhəsi bu repressiyanı da adlayacaq. Hazırda təşkilat öz yerindədir və bundan sonra AXCP-nin əsas fəaliyyət istiqamətlərindən biri də öz sədrinin və digər üzvlərinin azadlığı olacaq . AXCP-nin minlərlə üzvü bu həbslərə görə öz üzərlərində daha çox mənəvi məsuliyyət hiss edərək, partiyanın fəaliyyətində iştiraklarını daha qətiyyətlə davam etdirəcəklər.
Əli Kərimliyə gəldikdə isə o, həbsdən də göndərəcəyi mesajlarla partiyanı yenə də idarə edəcək. Onsuz da son illər qərargahsız, internetsiz və fəaliyyət imkanlarının məhdudlaşdırıldığı şəraitdə təşkilatı idarə edən Əli Kərimli, bundan sonra son illərin bu təcrübəsinə əsaslanaraq, indi də həbsdən partiyanı idarə edəcək. Cəbhəçilər də bu cür fəaliyyət göstərməyə öyrəşdikləri üçün yəqin ki, bu yeni şərtlərin də öhdəsindən gəlmək mümkün olacaq. Unutmayaq ki, AXCP ekstremal situasiyalara həm də yeni keyfiyyət və bacarıqlar ortaya qoymaq fürsəti kimi baxmağa öyrəşmiş bir təşkilatdır.

MM.AZ

Fuad Qəhrəmanlı.