Adı dillərdə, sözləri ellərdə-obalarda dolaşan, xalqın qəlbində özünə əbəıdiyyət qazanmış Niftalı Qafarov Göyçə aşıq poeziyasının qüdrətli nümayəndələrindən biridir. “Aqil” təxəllüsü ilə yazıb-yaratmış bu istedadlı el şairi 1898-ci ildə Göyçə mahalının Ağbulaq kəndində yoxsul bir ailədə anadan olmuşdur. Kiçik yaşlarından poeziya onun ən yaxın sirdaşına çevrilmiş, o, sazla yaşamış, sözlə nəfəs almışdır. Bu təsadüfi deyildi. Həmin illərdə Aqilin doğma dayısı şair Kazım Göyçə mahalının tanınmış el sənətkarı kimi xalq arasında geniş şöhrət qazanmışdır.
Niftalı Qafar oğlu əmisi qızı Hənifə Xəlil qızı ilə ailə qurub. Xəlil, Qasım adlı iki oğlu, Fatma, Məsmə, Qaratel, Zəhra, Ziba adlı beş qızı olub. Xəlil, Zəhra və Ziba uşaqkən vəfat ediblər. İrəvan Türk Pedaqoji Texnikumunu bitirmişdir. Ağbulaq kənd məktəbinin ilk müəllimlərindən biri olub. 1937- ci ilin yazında repressiya təhlükəsindən uzaqlaşmaq üçün Gədəbəy rayonunun Ağkilsə (indiki İvanovka) kəndinə köçmüş və müəllimlik fəaliyyətini orada davam etdirmişdir. Yazdığı şeirlərə görə el arasında böyük şöhrət qazanmış, müxtəlif məcmuə və qəzetlərdə dərc edilmişdir. 1939-cu ildə Bakıda keçirilmiş el ədəbiyyatı nümayəndələrinin müşavirəsində iştirak etmişdir və xalq şairi S.Vurğunun təqdimi ilə SSRİ Yazıçılar İttifaqının üzvlüyünə qə qəbul edilmişdir. 1943-cü ilin yanvarında müharibəyə səfərbər edilib. 176-cı atıcı diviziyanın 404-cü atıcı alayının tərkibində atıcı-qızıl əsgər kimi döyüşlərdə iştirakı zamanı, 13 sentyabr 1943-cü ildə həlak olub və Krasnodar diyarı, Novorossiysk şəhəri, Mısxako kəndinin şimal tərəfində dəfn olunmuşdur.
Hörmətli oxucu! Hal-hazırda Şair Aqilin şeirlər kitabı nəşrə hazırlanır. Lakin vaxtında toplanıb dərc edilmədiyi üçün əldə olan şeirlərin sayı çox azdır. Ona görə də hər birinizdən xahiş edirəm ki, yaddaşınızda, yazılı mənbələrdə olan şeirləri toplamaqda köməklik göstərəsiniz.

MM.AZ
