Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlərin dindirilməsi davam edib.
Proses zamanı təqsirləndirilən şəxslərdən “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin halı pisləşib. Onun təzyiqi yüksəlib və ürəyində narahatlıq yaranıb. Məhkəmə zalına çağırılan həkim Ə.Məmmədlini müayinə edib və ona dərman preparatı verib.
Təqsirləndirilən şəxslərdən “Toplum TV” jurnalisti Fərid İsmayılov bu dəfə Milli Məclis üzvlərinin məhkəməyə çağırılması üçün vəsatət verib. O, bunu belə əsaslandırıb ki, şahid qismində dindirilən şəxslər onu sadəcə jurnalist kimi tanıdıqlarını deyiblər, elə isə F.İsmayılovun müsahibə aldığı deputatlar da məhkəmədə dindirilə bilər.
“İstintaq orqanı 49 nəfəri dindirib. Barəmdə nəyi öyrənib, nəyi tapıb? Heç nəyi. Şahidlər heç nəyə şahid olmayıblar. Sadəcə məni tanıdıqlarını, müsahibə aldığımı, reportajlarımı izlədiklərini bildiriblər. Kimisə tanımaq niyə cinayət sayılmalıdır ki? Onda xalq artistlərini də tutsunlar, insanlar onları da tanıyır”, – o qeyd edib.
Növbəti proses 15 dekabra təyin olunub.
Proses məhkəməyə gəlmək imkanı olmayan şahidlərin onlayn dindirilməsi ilə davam edəcək.
MM.AZ
