Polisin etirazçılara kimyəvi maddə səpdiyini etiraf edib

Dünya
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2024-cü ilin dekabrında keçirilən etiraz aksiyaları zamanı polisin etirazçılara kimyəvi maddə səpdiyini etiraf edib, lakin bunun Birinci Dünya Müharibəsindən qalma kimyəvi agent – “Kamit” (bromobenzil siyanid) deyil, hüquq-mühafizə orqanlarının dünyada geniş istifadə etdiyi gözyaşardıcı qaz olduğunu bildirib.
DTX-in açıqlaması “BBC”nin Gürcüstan polisinin etirazçılara “kamit” adlı, Birinci Dünya müharibəsi dövründən qalan kimyəvi maddə tətbiq etdiyini iddia edən araşdırmasından sonra gəlib.
DTX rəhbərinin müavini Laşa Maqradze şənbə günü keçirdiyi brifinqdə bildirib ki, gözyaşardıcı qaz – CS (xlorbenziliden malononitril) qazı “davam edən mitinqlər zamanı zərurətə uyğun olaraq” istifadə olunub və xüsusilə 4–5 dekabr gecəsini qeyd edib. O, polisin buna qədərki günlərdə hansı maddələrdən istifadə edib-etmədiyi barədə isə açıqlama verməyib.
Hökumətin Avropa İttifaqı ilə bağlı siyasətində geri addım atmasına qarşı etirazlar noyabrın 28-də başlayıb. Elə həmin tarixdən etibarən sərt polis müdaxiləsi, o cümlədən su şırnaqlarından istifadə barədə məlumatlar yayılıb.
MM.AZ