Atamın diz çökdüyü yer — şəhid atasının müqəddəs ocağı

Cəmiyyət
Atamın diz çökdüyü yer — şəhid atasının müqəddəs ocağı.
Onun göstərdiyi ehtiram mənim ömürlük yolum oldu!
Bu gün qarşıma illər əvvəl çəkilmiş bir foto çıxdı…
Bu foto atamın vəfatından düz altı ay sonra ailəmizin ilk dəfə gördüyü dəyərli bir xatirə idi. Onu yenidən görəndə atamın kim olduğunu, hansı kökdən gəldiyimi bir daha anladım.
Məlum olur ki, atam 2010-cu ildə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ata ocağını ziyarət edibmiş. O müqəddəs ocaqda Mübarizin mərhum atası Ağa Kərim kişinin qarşısında bardaş qurub oturub, onunla uzun-uzadı söhbət edibmiş.
Bu fotoda mən atamın şəhid atasına göstərdiyi dərin hörməti, şəhid ocağına ehtiramını, şəhid ailələrinə bəslədiyi sonsuz sevgini gördüm. Bu — onun xarakterinin mayası, yolunun mahiyyəti, insanlığının özüdür.
Atamın son nəfəsində mənə dediyi ən önəmli nəsihətlərdən biri belə idi: “Oğlum… evimizin qapıları hər zaman şəhid analarına, atalarına və ailələrinə açıq olsun. Həmişə şəhid balalarının yanında ol. Onlar bizə ən uca əmanətdir.”
Bu gün həmin foto qarşıma çıxanda anladım ki, mən bu yolu sadəcə bir seçim kimi yox, alın yazım kimi yaşayıram.
Çünki atam bu yolu mənim həyatıma, qanıma, nəfəsimə miras qoyub.
Atam ömrü boyu şəhid ailələrinin yanında olub, xüsusilə şəhid atalarına, analarına böyük qayğı və ehtiram göstərib. Evinin qapılarını hər zaman onlara açıb, onlara öz ailəsi kimi yanaşıb. Mən də bu dəyərin içində böyüdüm.
Ruhun şad olsun, Atam. Sən mənə ömürlük bir dərs verdin:
Şəhid ailəsinə xidmət təkcə borc yox, insanın öz kökünə və vicdanına sədaqətidir. Mən isə bu sədaqəti, sənin qoyub getdiyin yolu son nəfəsimə qədər daşıyacağam.
Və sonda…
Bu illər əvvəl çəkilmiş dəyərli xatirəni illər sonra bizim qarşımıza çıxaran, bu duyğunu bizə yaşadan hörmətli idman jurnalisti Hacı Kamran qardaşıma sonsuz təşəkkürümü bildirirəm.

CƏLAL QURBANOV
MUASİRMEDİA.AZ