İndiki gənclər xatırlamaz, Rəfael Allahverdiyev var idi, uzun illər Bakının meri işlədi. İşlədiyi müddətdə Bakını parça-parça bina, obyekt tikənlərə satırdı. Yaxşı pulu var idi, qılıncının hər iki tərəfi kəsirdi!
Rəfael müəllim YAP-ın qurucularından, hakim partiyanın ən sadiq adamlarından biri idi. İş elə gətirdi ki, günlərin birində mer yuxarılarda arzuolunmaz adam hesab edildi. Sonra isə işdən çıxarıldı. Hətta həbs olunmaq təhlükəsi də var idi.
Bakı meri Azərbaycanı tərk edib İsveçrəyə köçdü. Yumuşaq desək, “pılını-pırtını götürüb çıx get və gəlmə” dedilər… Və beləcə Rəfael müəllimin çətin günləri başladı. Telefon zəngləri kəsildi, bir zamanlar qapısının önündə qəbuluna düşmək üçün sıraya düzülən adamlar yoxa çıxdılar. Amma onu daha çətin günlər gözləyirdi. Çünki isveçrəli həkimlər keçmiş merə xərçəng diaqnozu qoymuşdular…
İsveçrədə müalicə aldığı xəstəxanada Rəfael müəllimlə görüşən azərbaycanlı jurnalist danışırdı ki, onun yanına gedəndə həkimlər, tibb bacıları xeyli təəccübləniblər. Buna səbəb isə onu xəstəxanada heç kimin itirib-axtarmaması olub. Bundan dərin sarsıntı keçirən Rəfael Allahverdiyev hərdən oturub uşaq kimi ağlayırmış.
Uzun sözün qısası, Rəfael Allahverdiyevə ömrünün sonuna 2 gün qalmış Bakıya gəlməyə icazə verdilər. Bir zamanlar az qala havasını da satmağa hazır olduğu şəhəri sadəcə 2 gün görə bildi… 2009-cu ildə vəfat etdi.
Bunu ona görə danışdım ki, bu dünya fanidir. Heç kim yığdıqlarını özü ilə apara bilmir. Tanrıdan necə gəliriksə, ona elə formada da dönürük. Dönürük ki, bizə verdiyi həyat üçün hesab verək. Yalan dünyada isə sadəcə hörmət və nifrət qazana bilirik! MUASİRMEDİA.AZ
