Qərbi Azərbaycan İcmasının Salyan rayonun Şorsulu kəndində tədbiri keçirilib-VİDEO

Cəmiyyət

Qərbi Azərbaycan İcmasının Salyan rayonun Şorsulu kəndində tədbiri keçirilib. 9 dekabr 2025-ci il tarixində Salyan rayonunun Şorsulu kəndində Qərbi Azərbaycan həqiqətlərinin təbliğinə həsr olunmuş görüş təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov çıxış edərək, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını tədbir iştirakçılarına çatdırıb. O, ölkə başçısı Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticələri, eləcə də qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı istiqamətində görülən sistemli və ardıcıl tədbirlər barədə məlumat verib. Natiq bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, deportasiya tarixi və mədəni irsin qorunması istiqamətində icma tərəfindən mühüm işlər görülür. Məruzə ətrafında Şorsulu kənd icmasının sədri Rəis Abdullayev, tarixçi Vaqif Mustafayev, eləcə də Fuad Qəhrəmanov və Elmar Xudiyev çıxış edərək Qərbi Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya, xüsusilə də gənc nəslə düzgün və sistemli şəkildə çatdırılmasının vacibliyini qeyd ediblər. Tədbirin sonunda Qərbi Azərbaycan İcmasının yeni üzvlərinə vəsiqələr təqdim edilib. Yığıncaq Şorsulu kənd icmasının sakinləri tərəfindən böyük maraqla qarşılanıb və konfransın bölgələrdə geniş şəkildə davam etdirilməsinin əhəmiyyəti bir daha qeyd olunub.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU