Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur.
Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 abituriyentin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.
Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb. Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.
Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, daha sonra qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.
Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.
Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.
MUASİRMEDİA.AZ
