Qadınlar Forumu çərçivəsində panel müzakirələr təşkil olunub-FOTO

Mədəniyyət
“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcılıq Həftəsi – 2025” çərçivəsində dekabrın 9-da Qadınlar Forumu keçirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının Qadınların İnkişafı Təşkilatı (WDO – Women Development Organisation of OIC), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiyasiyasının təşkilatçılığı ilə reallaşan forum daha sonra işini panel müzakirələrlə davam etdirib.
Yaradıcı Mərkəzin icraçı direktoru Lalə Əhmədovanın moderatorluğu ilə keçirilən paneldə Türk Ticarət və Sənaye Palatası nəzdində Türk İşgüzar Qadınlar Şurasının (Qazaxıstan) sədri Lazzat Ramazan, türkiyəli nümayəndələr – TOBB Media və kommunikasiya şurasının sədr müavini Fügen Toksü, İşgüzar Qadınlar Federasiyasının prezidenti Oya Eroğlu, Qaziantep Böyükşəhər Bələdiyyəsi sədrinin müşaviri Filiz Evran və başqaları fikirlərini bölüşüblər.
Paneldə yaradıcı sənayelərdə qadınların iştirakının təşviqi, bu sahədə yeni yanaşmaların tətbiqi, qadınların rəhbərlik etdiyi startaplar, rəqəmsal incəsənət və inklüziv iqtisadiyyatların gələcəyini formalaşdıran yaradıcı texnoloji həllər və digər məsələlər diqqət mərkəzinə çəkilib.
Qeyd olunub ki, yaradıcı yanaşmalar bəzən bir insanın, bir kollektivin yox, bütöv bir ölkənin təbliğinə xidmət edə bilər.
Çıxış edənlər bu sahədə müasir trendlərdən söz açıb, öz təcrübələrini bölüşüblər.
MUASİRMEDİA.AZ