YARI MƏNDƏ, YARI SƏNDƏ
Dərdimiz cütləşib deyən,
Yarı məndə, yarı səndə.
Sarı simə köklənmişik,
Sazı məndə, tarı səndə,
Yarı məndə, yarı səndə.
İldırım da çaxır gedir,
O yandırıb, yaxır gedir.
Ömür su tək axır gedir,
Yağış məndə, qarı səndə,
Yarı məndə, yarı səndə.
Gözlərimiz yaşdı bizim,
Ürəyimiz daşdı bizim?
Mən kiməm ki, eşqimizin
Küllü ixtiyarı səndə,
Yarı məndə, yarı səndə.
Bu körpüdən keçən bizik,
Tükü-tükdən seçən bizik.
Əkən bizik, biçən bizik,
Kotan məndə, darı səndə,
Yarı məndə, yarı səndə.
Ayrı düşən “yarı”larıq,
Pətəyi boş arılarıq.
Bir-birinə sarılarıq,
Ayağa dur barı sən də,
Yarı məndə, yarı səndə.
Axır, qurutdun su yolun,
Qalmadı mənası yolun.
İşıqforuyuq bu yolun,
Yaşıl məndə, sarı səndə,
Yarı məndə, yarı səndə.
Yoxsa, ömrün sonlarıdı?
Olacaqlar olmalıdı.
Təbiət qanunlarıdı;
Ağac məndə, barı səndə,
Yarı məndə, yarı səndə.
Demə yuxudu, yozmusan,
Bəradəri uduzmusan.
Neçə illərdi pozmusan
Mənimlə rəftarı sən də,
Yarı məndə, yarı səndə.
Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)
13.12.2020

MUASİRMEDİA.AZ
