15 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikası Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsinin yekun konfransı keçirilib.
Konfransda açılış nitqi ilə çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri vəzifəsini icra edən Murad Qasımlı bildirib ki, rəqəmsal mühitdə informasiyanın düzgün dəyərləndirilməsi və məsuliyyətli istifadəsi gənclər üçün mühüm bacarıqlardan biridir. Onun sözlərinə görə, layihə regionlardan olan gənclərin media savadlılığı üzrə biliklərinin artırılmasına və onların informasiya mühitində daha məqsədyönlü mövqe tutmasına xidmət edir.
Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin müdiri Mehriban Məmmədova qeyd edib ki, müasir informasiya mühitində etibarlı məlumat məkanının formalaşdırılması media savadlılığının gücləndirilməsindən keçir. O vurğulayıb ki, Agentlik gənclərin tənqidi düşünmə və informasiyanı düzgün təhlil etmə bacarıqlarının inkişafını daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin icra olunması şöbəsinin müdiri vəzifəsini icra edən Bənövşə Qasımova isə gənclərin informasiya proseslərində fəal iştirakının əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür təşəbbüslər onların rəqəmsal bacarıqlarının inkişafına, eləcə də dezinformasiya ilə mübarizədə daha hazırlıqlı olmalarına mühüm töhfə verir.
Tədbir zamanı “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində regionlarda təşkil olunmuş təlimlərdən görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib, regional təlimlərdə iştirak etmiş gəncin çıxışı dinlənilib.
İTV-nin aparıcısı Azər Süleymanlı isə media savadlılığı, informasiya etibarlılığı və jurnalistikanın müasir çağırışları mövzusunda çıxış edərək gənclərlə interaktiv müzakirələr aparıb, gənclərin iştirakı ilə “Etibarlı / Saxta” mövzusunda interaktiv oyun təşkil olunub.
Bakı şəhərindən və regionlardan olan ümumilikdə 100 gəncin iştirak etdiyi konfransda “Media savadlılığı nədir?” mövzusunda qrup işi və təqdimatlar həyata keçirilib.






















