Cavadzadə adına Klinik Uroloji Xəstəxanada narahatlıqlar dərinləşir: əksər hallarda əlavə ödəniş iddiaları və rəhbərliyə çıxışın olmaması (ikinci yazı) Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası ilə bağlı son vaxtlar səslənən narazılıqlar təsadüfi xarakter daşımır.
Redaksiyamıza daxil olan çoxsaylı müraciətlərdən aydın olur ki, problemlər tək-tük hallarla məhdudlaşmır və artıq sistemli narazılıq səviyyəsinə çatıb. Xüsusilə diqqət çəkən və ən çox şikayət edilən məqam əksər hallarda tibbi xidmətlər zamanı əlavə ödənişin tələb olunması ilə bağlı iddialardır. Müraciət edən pasiyentlər və onların yaxınları bildirirlər ki, əməliyyat, müayinə və müalicə proseslərində rəsmi tariflərdən kənar məbləğlər müxtəlif formalarda dilə gətirilir. İddialara görə, bu tələblər açıq şəkildə deyil, daha çox dolayı yollarla, “işin rahat görülməsi”, “növbənin tezləşdirilməsi” və ya “əlavə diqqət” kimi ifadələrlə çatdırılır. Maraqlıdır ki, redaksiyaya daxil olan müraciətlərin əksəriyyətində bu cür maliyyə tələblərinin istisna deyil, adi hal kimi təqdim edildiyi vurğulanır. Bu isə söhbətin təkcə fərdi davranışlardan deyil, ümumi nəzarət və idarəetmə mexanizmlərinin zəifliyindən gedə biləcəyi ehtimalını gündəmə gətirir. Yaranmış vəziyyətlə bağlı şikayət etmək istəyənlər isə növbəti problemlə üzləşirlər. Bildirilir ki, baş həkimi iş yerində tapmaq çox vaxt mümkün olmur. Onun adətən “əməliyyatdadır” cavabı ilə təqdim edildiyi, lakin gün ərzində real qəbulun baş tutmadığı iddia olunur. Bu cavabın artıq standart izaha çevrildiyi də xüsusi qeyd edilir. Eyni zamanda, baş direktorun qəbuluna düşməyin demək olar ki, mümkün olmaması ilə bağlı narazılıqlar davam edir. Nəticədə həm pasiyentlər, həm də xəstəxana daxilində çalışan əməkdaşlar yaranmış problemləri birbaşa rəhbərliyə çatdırmaq imkanından məhrum olurlar. Bu cür vəziyyətin xəstəxananın daxili mühitinə mənfi təsir göstərdiyi də bildirilir. Şəffaflığın və açıq ünsiyyətin olmaması intriqaların artmasına, kollektivdə gərginliyin yaranmasına və peşəkar münasibətlərin zədələnməsinə səbəb olur. Halbuki söhbət ölkə urologiyasının əsas mərkəzlərindən biri hesab olunan bir tibb müəssisəsindən gedir. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası uzun illər ərzində formalaşmış elmi və tibbi ənənələri ilə tanınıb. Bu baxımdan burada baş verən hər bir proses cəmiyyət üçün xüsusi həssaslıq daşıyır. Əlavə ödəniş iddiaları və rəhbərliyin əlçatan olmaması kimi məsələlərə aydınlıq gətirilməməsi isə bu nüfuza kölgə sala bilər. Mövcud narahatlıqların aradan qaldırılması üçün ən vacib addım rəsmi və açıq mövqenin ortaya qoyulmasıdır. Əlavə ödənişlərlə bağlı iddialara, qəbul mexanizmlərinə və idarəetmə prinsiplərinə dair ictimaiyyətə aydın məlumat verilməlidir. Bu, həm pasiyentlərin hüquqlarının qorunmasına, həm də xəstəxanaya olan etimadın bərpasına xidmət edər. Media olaraq bir daha bildiririk ki, məqsədimiz ittiham irəli sürmək deyil. Məqsədimiz cəmiyyət üçün mühüm olan sualları gündəmdə saxlamaq, səslənən iddialara aydınlıq gətirilməsinə nail olmaqdır. Mövzunu izləməyə davam edəcək, aidiyyəti qurumların və xəstəxana rəhbərliyinin mövqeyi olduğu təqdirdə onu da obyektiv şəkildə oxucularımıza təqdim edəcəyik.
MUASİRMEDİA.AZ
Nilufər Naxçıvanlı, Araşdırmaçı jurnalist. “Qızıl qələm” mükafatı laureatı.
