AZƏRBAYCANDA ÖZBƏKİSTAN MƏDƏNİYYƏT GÜNLƏRİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ

Mədəniyyət

14 dekabr 2025-ci ildə Heydər Əliyev Mərkəzində Azərbaycan və Özbəkistan Mədəniyyət Nazirliklərinintəşəbbüsü ilə Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi baş tutdu. Tədbirə gəlmiş qonaqlar ilk öncə Özbəkistanın tarixi-mədəni irsinin nümunələrini əks etdirən “Yeni Özbəkistan” fotosərgisiilə tanış oldular. Tədbir başladıqdan sonra ilk olaraq “Navruz” rəqs ansamblı özbək rəqs və musiqi irsini əks etdirən gözəl rəqs nömrəsi ilə çıxış etdi. AnsamblıÖzbəkistan Dövlət Simfonik Orkestri və orkestrə rəhbərlik edən dirijor, Özbəkistanın xalq artisti, habelə Azərbaycanın “Dostluq” ordeni ilə də təltif olunmuş Kamoliddin Orinbayev müşayiət etdi. Sonra tədbirin özbək və azərbaycanlı aparıcıları öz dillərində tədbiri açıq elan etdilər. Xüsusilə, tədbir açıq elan edilən zaman özbək aparıcının dilindən səslənən Səməd Vurğunun “Azərbaycan” şeiri və azərbaycanlı aparıcının səsləndirdiyi Erkin Vohidovun “Özbəyim” qəsidəsindən bir parça tamaşaçıların böyük rəğbəti ilə qarşılandı. Çıxış üçün söz ilk olaraq AzərbaycanRespublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Özbəkistan Respublikasının mədəniyyət nazirinin birinci müavini Bahodir Əhmədova verildi. Nazir müavinləri çıxışlarında Özbəkistan və Azərbaycan qardaşlığının tarixiliyindən, bu qardaş ölkələrin tarixən ortaq dəyərlərə, ortaq mədəni mirasa sahib olmasından danışdılar. Onlar Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin böyük əhəmiyyətini, qardaş ölkələr arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyini vurğuladılar. Tədbirin əsas hissəsində qardaş özbək xalqının dəyərli incəsənət nümayəndələri, Özbəkistanın xalq və əməkdar artistləri hər iki ölkənin mədəniyyət nümunələrini, həmçinin digər janrlarda – caz, pop və opera mahnılarını da ifa edərək izləyənlərin, dinləyənlərin ruhunu oxşadılar. Gözəl rəqs nömrələri özbək xalqının zəngin, maraqlı və qiymətli mədəni irsindən xəbər verirdi. Özbək sənətkarları Azərbaycan mahnılarından “Bu gün ayın üçüdür” və “Canım Bakı” mahnılarını ifa etdilər. Özbəkistan əməkdar artisti Yulduz Turdiyevanınifasında “Dağlarda duman gözəldir” və ya “Söz olmasaydı” mahnısı tamaşaçıları riqqətə gətirdi, zal sanki həyəcanlandı və hər dəfə təkrar olunan davamlı alqışlar bu dəfə daha gur səsləndi. Tamaşaçılar səsin, səsi müşayiət edən orkestrin və dirijorun coşqunluğunun sehrinə düşdülər. Ümumiyyətlə, tədbirin türk birliyi və qardaşlığı ab-havasında başdan sonadək şən və yüksək əhvali-ruhiyyədə keçdiyini desək, yanılmarıq. Tədbirdə çıxış edən sənətkarlar arasında Özbəkistan əməkdar artisti Tolqin Cabborovözbək xalq mahnısı üslubunda bəstələdiyi “Xivaki” və ya “Mənə bir bax” adlı son dərəcə gözəl ritm və melodiyalı mahnısını ifa etdi. Tədbir zamanı bu qənaətə gəldim ki, həqiqətən də qardaş özbək xalqının mədəniyyət irsi son dərəcə qədim, dərin və zəngindir. Əlbəttə, eyni kökdən gəldiyimiz üçün mədəniyyətlərimizdə, bədiiliyi ilə göz oxşayan rəqslərimizdə və nəğmələrimizdə bənzərlik çox gözə çarpır. Tədbirin əvvəlində olduğu kimi sonlarına yaxın da rəqs nümunələri və “Makom” ansamblının ifaları tamaşaçılar tərəfindən bəyənildi. Sonda isə aparıcılar yekun nitqlərini söylədilər, qardaş ölkələrin hər zaman azad, abad və birlik içində yaşamaları kimi çox ülvi bir arzu dilədilər. Özbəkistan Respublikasının mədəniyyət nazirinin birinci müavini Bahodir Əhmədov qardaş özbək xalqından qardaş Azərbaycan xalqına, ümumilikdə, tədbirdə əməyi olan hər kəsə təşəkkürünü bildirdi və xüsusi hörmət əlaməti olaraq Azərbaycanın və Özbəkistanın xalq artisti, millət vəkilimiz Polad Bülbüloğlu səhnəyə dəvət olundu. Polad müəllim tədbir iştirakçılarına atəşin salamlarını çatdırdı, qonaqlara “Azərbaycana xoş gəlmisiniz!” söylədi və bu cür qardaşlıq ab-havasında keçən mədəniyyət tədbirlərinin çox olmasını arzuladı. Beləliklə, son dərəcə müsbət notlarla Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi sona çatdı. Ancaq təbii ki, bu, son deyil. Mədəniyyət Günləri 20 dekabr tarixinədək davam edəcək. Bağlanış mərasimi isə qardaş ölkənin böyük təntənə ilə 2023-cü ildə Füzuli şəhərində tikib istifadəyə verdiyi Mirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.
Qeyd edim ki, bundan əvvəl Bakıda Özbəkistan Mədəniyyət Günləri 2023-cü ildə keçirilmişdir. 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. Son olaraq onu deyə bilərəm ki, qardaş ölkələr arasında keçən və birlik təntənəsi ilə dolu olan belə mədəniyyət tədbirləri istənilən vətənsevər və sənətsevəri sevindirir, qəlbini fərəhləndirir. Dahi ədibimiz Hüseyn Cavidin də dediyi kimi, “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”

Qardaşlığımız daim olsun!

MUASİRMEDİA.AZ
SEVİNDİK NƏSİBOĞLU
Milli Aviasiya Akademiyasının tələbəsi, şair-publisist, AJB və AYB üzvü
17.12.2025