Məlum olduğu kimi, Milli Şuranın sədri Cəmil Həsənli yenidən DTX-yə dindirilmək üçün çağırılıb. Özünün də etiraf etdiyi kimi dindirilmə onun “Milyarderlər ittifaqı”nın qurucularından olan, Milli Şuranı maliyyələşdirən Abbas Abbasovla əlaqələri barədədir. Doğrudur, Cəmil Həsənli bu əlaqələri inkar etməyə çalışsa da, faktlar başqa mənzərəni göstərir.
Belə ki, on iki ildir Milli Şuraya rəhbərlik edən Cəmil Həsənli “Milyarderlər İttifaqı-Milli Şura” layihəsinin əsas aktorlarındandır. O, həmçinin Kreml konstruksiyasının ideoloji üzü, müxalifət düşərgəsi ilə Rusiya kəşfiyyatının vasitəçisi, Moskva layihəsinin ictimai rəydə legitimləşdirilməsində əsas rol oynayan fiqurdur.
Sirr deyil ki, Kremlin layihəsi olan Milli Şura Azərbaycanda müxalifət adına çıxış edən əsas platformaya çevrilmişdi. Məhz Bakıda Rusiya kəşfiyyatının Ziyalılar Forumunun və İctimai Palatanın əsasında qurduğu Milli Şuraya rəhbərlik edən Cəmil Həsənlinin bu zəncirdə yeri təsadüfi deyildi. O, həmçinin Ramiz Mehdiyevə yaxın ziyalı kimi də tanınırdı, onun ideoloji tezislərini yayan “mirzə” rolunda çıxış edirdi. Ona görə də, Cəmil Həsənlinin sədri olduğu Milli Şura həm Kremlin siyasi layihəsinin, həm də Ramiz Mehdiyevin hakimiyyət daxilində yaratdığı paralel şəbəkənin müxalifətdəki sütununa çevrilmişdi.
İndi necə inkar etmək olar ki, Rusiyanın çətiri altında Rüstəm İbrahimbəyov-Abbas Abbasov-Ramiz Mehdiyev şər üçbucağının qurduğu bu konstruksiyanın başında duran Cəmil Həsənli günahkar deyil və dövlət çevrilişi planlarında yer almayıb? Cəmil Həsənlinin Rusiyada və Türkiyədə Abbas Abbasovla görüşlərini necə ört-basdır etmək olar?
Əlbəttə ki, Cəmil Həsənlinin özünü Abbas Abbasov-Ramiz Mehdiyev-Əli Kərimli-Gültəkin Hacıbəyli dairəsindən “uzaqlaşdırmağa” çalışması onun yazılarında və Dubaya qaçmağa çalışmasında da əyani şəkildə göründü. Eyni zamanda, Cəmil Həsənlinin həm özünü, həm də uzun illərdir birlikdə çalışdığı siyasi tərəfdaşlarını qorumaq üçün etdiyi informasiya hücumu, sosial şəbəkə vasitəsilə həm daxildəki tərəfdarlarını səfərbər etməyə, həm də beynəlxalq rəyə “siyasi təqib” obrazı ötürməyə çalışması bir daha onun günahkar olmasından irəli gələn psixoloji davranışlardır.
Əgər Rusiya hüquq-mühafizə orqanları Abbas Abbasovu Azərbaycana verərsə, o zaman bütün həqiqətlərin üstü açılacaq və Moskva oliqarxları-Ramiz Mehdiyev- Ziyalılar Forumu-Milli Şura-AXCP xətti və bu konstruksiyanın ideoloji siması kimi Cəmil Həsənli tamamilə ifşa ediləcək.
Azərbaycan ictimaiyyəti də tələb edir ki, Cəmil Həsənli və onun timsalında “milli xəyanət layihəsi” olan Milli Şura bütün cinayətlərə görə cavab versin. Nəyahət ki, AXCP-Milli Şura xəyanət cütlüyünün kökü qazılsın, sökülüb atılsın.

MUASİRMEDİA.AZ
