Prokuror Ruben Vardanyan üçün ömürlük həps cəzası istıyib

HƏRBİ
Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı Qarabağdakı keçmiş separatçı qurumun “hökumət başçısı” kimi təqdim edilən milyarder Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini tələb edib. Bu barədə yerli media dekabrın 18-də məlumat yayıb.
Məlumata görə, Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə – terrorçuluğun maliyyələşdirilməsi, qanunsuz silahlı birləşmələrin yaradılması, dövlət sərhədini qanunsuz keçmə, qəsdən adamöldürmə, hakimiyyəti zorla ələ keçirmə və digər ittihamlarla təqsirləndirilir.
Dekabrın 18-də Vardanyanın ailəsi onun adından bəyanat yayıb. Bəyanatda o, Bakıda gedən araşdırmanı “məhkəmə prosesi” kimi tanımadığını və “ədalətin imitasiya”sında iştirak etməyəcəyini bildirib, peşman olmadığını, addımlarını “şüurlu şəkildə” atdığını qeyd edib.
Ruben Vardanyan Rusiyada “Troika Dialog” investisiya şirkətinin keçmiş sahibi kimi tanınıb, “Skolkovo” biznes məktəbinin yaradıcılarındandır. O, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina etdiyini açıqlayıb və Qarabağa köçdüyünü bildirib. Vardanyan 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına qədər separatçı qurumda rəhbər vəzifə tutub.
Azərbaycan sərhəd xidməti onu 2023-cü il sentyabrın 27-də Qarabağdan Ermənistana keçməyə cəhd edərkən saxladığını bildirib. O vaxtdan Bakıda həbsdədir. Media yazır ki, Vardanyan istintaq təcridxanasında ən azı iki dəfə aclıq aksiyası elan edib.
Həmçinin bildirilir ki, Rusiyadan bir qrup mədəniyyət, elm və təhsil nümayəndəsi Vardanyanın dəstəklənməsi ilə bağlı müraciət imzalayıb.

MUASİRMEDİA.AZ