“Qoç Ət” Restaranında hazırlanan dönərdən insan tükü və tarakan çıxdı-BİABIRÇILIQ

Hadisə

“Qoç Ət” restoranlar şəbəkəsi “Nərimanov” metrosu yaxınlığında yerləşən filialda verilən dönərdən 20 santimetr uzunluğunda saç teli çıxması barədə iddialara aydınlıq gətirib.

 

“Hadisə “Qoç Ət” restoranlar şəbəkəsinin “Nərimanov” filialında baş verib. Sifariş edilən yeməyin içindən tük çıxması ilə bağlı dərhal müştəridən üzr istənilib və sifariş olunan yeməklərin ödənişi alınmayıb. Qeyd edək ki, sözügedən müştəri 1 ədəd iskəndər və 1 ədəd lavaşda dönər sifariş etmişdi. Tük bir dönərdən çıxsa da, müştərinin sifariş etdiyi hər iki dönərin pulu alınmayıb”.

“Qoç Ət”dən qeyd olunub ki, müştərinin yeməyindən tük çıxmasını mənfi hal kimi qəbul ediblər, bununla bağlı işçi heyəti ilə söhbət aparılıb, belə halın bir daha təkrarlanmaması üçün tapşırıqlar verilib:

“Müştəri hansısa səbəbdən hadisədən təxminən 4-5 gün sonra bununla bağlı sosial şəbəkələrdə paylaşım edib. Yeməyin içindən tük çıxması nə restoran, nə də məsul şəxslər tərəfindən normal hal kimi qəbul olunur. Bu, son dərəcə xoşagəlməz və arzuolunmaz bir vəziyyətdir və belə bir hadisənin yaşanmasını heç kim istəməz”.

Həmçinin bildirilib ki, paylaşılan görüntülərdə tükün real ölçüsündən qat-qat böyük göstərilib: “Şəkil fotoşopla hazırlanıb. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dönər bıçaq vasitəsilə doğranır. Bu baxımdan, tükün bu qədər uzun formada yeməyin içində qalması sual doğurur və bizim üçün də müəyyən tərəddüdlər yaradan məqamdır”.

“Qoç Ət” restoranlar şəbəkəsi filiallarında tarakan olması ilə bağlı yazılan rəyləri də cavabsız qoymayıb:

“Ola bilsin ki, köhnə binalarda yerləşən bəzi obyektlərdə müştərilər bu kimi hallarla rastlaşsınlar. “Qoç Ət” restoranlar şəbəkəsinin bütün filiallarında isə hər həftə mütəmadi olaraq dezinfeksiya və dərmanlama işləri aparılır. Müştərilər istənilən filialda bu proseslə bağlı müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər və həmin sənədlər təqdim oluna bilər”.

Qeyd edək ki, PR mütəxəssisi Azər Nəzərov ailəsi ilə restorana getdiyi zaman sifariş etdiyi dönərin içindən təxminən 20 santimetr uzunluğunda saç teli çıxdığı barədə paylaşım edib. Onun sözlərinə görə, ətin keyfiyyəti ilə bağlı müsbət rəyləri nəzərə alaraq restoranda dönər sifariş edib. Lakin xoşagəlməz vəziyyətlə üzləşdikdən sonra yeməyi yarımçıq saxlayaraq hesabı istəyiblər.

MUASİRMEDİA.AZ