QABAĞINDA – Nələr çəkdiyini yaxşı bilirəm-FOTO

ƏDƏBİYYAT
QABAĞINDA
Nələr çəkdiyini yaxşı bilirəm,
Şam kimi yanırsan köz qabağında.
İndi dələduzluq zamanı gəlib,
Əyri at oynadır düz qabağında.
Bu necə cığırdı, bu necə yoldu?
Bütün qıfılların açarı puldu.
Dava vəzifədir, məqsəd stuldu,
Gedir çirkli oyun göz qabağında.
Yoxsa, zəhərlənib bunların qanı,
Təlxəklik bürüyüb cümlə-cahanı.
İnsanla səf salır adam şeytanı,
Astar at oynadır üz qabağında.
Vətənim sinəsi dağlı ölkədir,
Yeyib-dağıdana yağlı ölkədi.
Canavar çobana ağlı öyrədir,
Kişisən, tülkünün döz qabağında.
Ha çəkə, tərpənmir tükü yaxşının,
İnsanlıq yüküdür yükü yaxşının.
Bir yandan kəsilir kökü yaxşının,
İynə pas bağlayır biz qabağında.
Nökər də baş əymək istəmir şaha,
İndi şor da yağdan satılır baha.
Siçan da siçanlıq eyləmir daha,
Pişiyi oynadır öz qabağında.
Bəradər, qüruba dönür vaxt-vədə,
Bir daha doğulan deyilsən nə də.
Sözün də qüdrəti qalmayıb dədə,
Polad əriyərdi söz qabağında.
Bəradər Səməndərli
19.12.2025
şelale görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir