Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır.
“İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.
Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.
Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.
UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.
900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.
Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlamışdır.
MUASİRMEDİA.AZ
