Tanınmış teleaparıcı Tarix Əliyev (Tolik) Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə Medianın İnkişafı Agentliyi tərəfindən paylanan medallarla bağlı yaranan narazılıqlara münasibət bildirib. Teleaparıcı bu barədə özünün “Facebook” hesabında tənqidi paylaşım edib.
Tolik yazır:
Hörmətli Əhməd müəllim,
Buradan bir çox jurnalistin sizə birbaşa deyə bilmədiyi, fikirlərini ifadə etməkdə çətinlik çəkdiyi bir sualı televiziya sahəsində çalışan, jurnalistikada öz dəst-xətti olan və qurumunuz yaranmamışdan əvvəl də, eləcə də son 3–4 il ərzində mediada fəaliyyət göstərən insanlar adından ünvanlamaq istəyirəm.
Siz 2021-ci ildən fəaliyyət göstərirsiniz, artıq 4 ildir. Halbuki Azərbaycanda elə jurnalistlər var ki, 10–15 ildir televiziya sahəsində çalışırlar. Medianın İnkişafı Agentliyi yaradılmamışdan əvvəl də bu insanlar media mühitində ölkə başçısının siyasətini təbliğ edib, ölkədə baş verən ictimai-siyasi proseslərdə fəal iştirak ediblər, dövlətçilik maraqlarını həm televiziya ekranlarında, həm də şəxsi platformalarında qoruyublar.
Bu jurnalislər bu gün sizin mükafatlandırdığınız bəzi “dırnaq arası media nümunələri”ndən qat-qat daha aktiv, məsuliyyətli və təsirli fəaliyyət göstəriblər.
Bu gün kanalın səs rejissoruna, proqram direktorunun köməkçisinə, şou-biznes səhifələrinə və ya hansısa bloqerlərə medalların verilməsi ilə siz mətbuatın inkişafını necə nümayiş etdirmək istəyirsiniz?
Elə jurnalistlər var ki, illərlə bu medalı gözləyir, amma kənarda qalır. Media ilə birbaşa əlaqəsi olmayan şəxslər isə mükafatlara layiq görülür.
Hörmətli cənablar, əgər bu medal məhz media üçün təsis olunubsa və məqsəd Azərbaycan mediasında uzun illər fəaliyyət göstərən insanları qiymətləndirməkdirsə, sual açıq qalır:
Bu prinsiplər niyə gözlənilmir?
Hansı meyarlar əsas götürülüb və hansı kriteriyalara cavab vermək lazımdır ki, bu medallar həqiqi sahiblərini tapsın?

MUASİRMEDİA.AZ
